Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda vətəndaş qəbulu keçirib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Daxili işlər naziri Vilayət Eyvazov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerik rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra Polis Şöbəsinin inzibati binasında Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 348 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov Lənkəran rayonunda polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 227 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.







