Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Çernobıl faciəsinin 36-cı ildönümü münasibətilə Çernobıl əlilləri ilə görüş keçirildi

26 aprel 2022 | 14:26

Çernobıl faciəsinin 36-cı ildönümü münasibətilə rayonda yaşayan Çernobıl əlilləri ilə Lerik Rayon İcra Hakimiyyətində görüş keçirildi.

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində həlak olmuş həmvətənlərimizin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  1986-cı il aprelin 26-da baş vermiş Çernobıl qəzasının ağır fəsadlarını xatırladaraq hazırda Lerik rayonunda 7 nəfər Çernobıl əlilinin yaşadığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əlillərə, sağlamlıq imkanları məhdud şəxslərə yüksək dövlət qayğısının göstərildiyini, bu kateqoriyadan olan vətəndaşların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, bu sahədə rayonda da bir sıra işlər həyata keçirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Lerik şəhərində çoxmənzilli yaşayış binaları, həmçinin ayrı-ayrı  inzibati ərazi dairələrində fərdi yaşayış evləri inşa edilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Çernobıl qəzasının iştirakçıları və zərərçəkmiş şəxsləri də hər zaman diqqət mərkəzində saxlanılır, bu kateqoriyadan olan vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, onlara maddi köməkliklər göstərilir. Rayon icra hakimiyyətində ənənəvi olaraq hər il aprel ayında Çernobıl qəzası əlilləri, 3 Dekabr – Beynəlxalq Əlillər Günündə Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirilir, onları narahat edən məsələlər birlikdə müzakirə olunur, problemlərin həlli yolları araşdırılır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Hazırda ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Lerik rayonunda da tikinti-abadlıq işləri davam etdirilir və qarşıdakı dövrdə də bu istiqamətdə zəruri işlərin görülməsi nəzərdə tutulmuşdur.

Görüşdə iştirak edən Çernobıl qəzası əlillərindən Saraddin Tarverdiyev, Bəşir Mənsiyev çıxış edərək əlilliyi olan şəxslərlə görüşlərin mütəmadi keçirilməsini yüksək qiymətləndirdiklərini bildirdilər, ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər, qarşılaşdıqları bir sıra sosial problemlərinin həlli istiqamətində təkliflər səsləndirdilər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev əlilliyi olan şəxsləri narahat edən məsələlərlə bağlı fikirlərini diqqətə çatdırdı, həlli mümkün problemlərin aradan qaldırılması üçün konkret tapşırıqlar verdi. Rayon icra hakimiyyəti tərəfindən Çernobıl əlillərinə növbəti dəfə maddi yardım verildiyini bildirdi.

Keçidlər