Şriftin ölçüsü :

Saytın rəngi :

Ambu və Cəngəmiran kəndlərində vətəndaşların səyyar qəbulu keçirilib

13 noyabr 2026 | 16:34

13 noyabr 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun iştirakı ilə Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə, Şinəbənd kəndlərinin və Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran və Pirzəkücə kəndlərinin sakinləri ilə səyyar qəbul keçirilib.

Səyyar qəbulda Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və nümayəndələri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin, onların müraciət və təkliflərinin yerində dinlənilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, bu cür görüşlərin əsas məqsədi sakinləri narahat edən məsələləri birbaşa vətəndaşların öz dilindən öyrənmək, mövcud problemlərin həlli istiqamətində operativ tədbirlər görmək, eləcə də əhali ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqəni daha da gücləndirməkdir.

Qeyd olunub ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və onların həlli üçün zəruri tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan səyyar qəbullar əhalinin gündəlik qayğılarının öyrənilməsi və problemlərin aidiyyəti üzrə həllinə nail olunması üçün mühüm platformadır.

Daha sonra kənd sakinlərinin müraciətləri və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən kənd yollarının təmiri və abadlaşdırılması, elektrik enerjisi və digər kommunal xidmətlərlə təminat və sakinləri narahat edən digər problemlər diqqətə çatdırılıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan hər bir məsələyə münasibət bildirərək müraciətlərin diqqətlə araşdırılmasının vacibliyini qeyd edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı müvafiq göstərişlər verilib, əlavə araşdırma və maliyyə vəsaiti tələb edən müraciətlərin isə aidiyyəti qurumlarla birgə öyrənilməsi və qanunamüvafiq qaydada həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin nəzarətə götürülməsi, onların həlli imkanlarının araşdırılması və nəticəsi barədə müvafiq məlumat verilməsi tapşırılıb.

Keçidlər