Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib
2026-cı il avqustun 31-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirib. Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak edib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri yüksək nəticələrə görə təbrik edərək bildirib ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Bu il rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı 150 nəfərdir. Bu da ötən ilin göstəricisinə nisbətən 6 nəfər çoxdur. Ali məktəblərə qəbul olanların 50 nəfəri qızlardır. 25 nəfər məzun 500-dən yuxarı, o cümlədən 6 nəfər 600-dən yuxarı bal toplamışdır. Ötən tədris ilində rayon üzrə 1 nəfər şagird respublika fənn olimpiadasında bürünc medal qazanaraq qalib olmuşdur. Sevindirici haldır ki, yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir. Prezident cənab İlham Əliyev də Ulu Öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir, ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Hər il ali təhsil müəssisələrinə qəbul planının, xüsusilə də dövlət sifarişli yerlərin nisbətən artırılması gənclərin ali təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitin bariz nümunəsidir.
Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində son illər rayonumuzda onlarla yeni məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunmuşdur. Hazırda bir sıra məktəblər üçün yeni binaların tikintisi davam etdirilir.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək gənclərin intellektual inkişafına, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, ali məktəblərə daxil olan gənclərə uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Görüşdə “ADA” Universitetinin tələbəsi Məsumə Siyabova, Azərbaycan Tibb Universitetinin tələbəsi Əsmər Miriyeva, Qarabağ Universitetinin tələbələri Ramilə Miriyeva və Hökumə Musayeva, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Yusif İmanov və Gülay Əmirzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Qafar Qurbanov, respublika fənn olimpiadasının bürünc mükafatçısı Ünal Sucalı və digərləri çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş gənclərə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.







