Ağsaqqallar Şurasının Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirildi
Lerik şəhəri, Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Respublika Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbirdən öncə Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ulu öndər Heydər Əliyevin abidəsini, “Şəhidlər” abidə-kompleksini və şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” Amid Heydərovun büstünü ziyarət edərək önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzinində davam etdirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyilə müstəqil, suveren və demokratik Azərbaycanın yaradılmasının 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının arzu və idealları bu gün reallığa çevirilir. Azərbaycan artıq xarici ölkələr üçün etibarlı tərəfdaş və regionda söz sahibi olan ölkədir. Natiq Lerik ağsaqqallarının hər zaman rayonun ictimai-siyasi həyatında fəal mövqe sərgilədiklərini, gənc nəslin dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən şərəfli missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini qeyd etdi.
Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Rəbbil Heydərov və rayon Ağsaqqllar Şurasının üzvü Gültəkin Şıxəliyeva çıxış edərək tədbirin keçirilməsinin önəmini qeyd etdərək bildirdilər ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədə rayon gənclərinin də böyük payı olduğunu, eləcə də bu möhtəşəm Zəfərdə ağsaqqallarımızın mənəvi dəstəyi və öyüd-nəsihətlərinin önəm daşıdığını vurğuladılar.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova geniş çıxış edərək bildirdi ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət qazandı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə ölkəmizin vətənpərvər gənclərin böyük payı oldu. Minlərlə qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Sonra E.Süleymanova işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işləri barədə məlumat verdi.
O, ağsaqqallar qarşısında duran vəzifələrdən danışaraq, şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə tövsiyələrini bildirdi.