Ağsaqqallar Şurasının Lerik Rayon Təşkilatının hesabat konfransı keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnaməyə uyğun olaraq Lerik Rayon Ağsaqqallar Şurasının 2023-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat konfransı keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov açaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Lerik rayonunun ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından regionların inkişafına ayrılan diqqətdən söhbət açıb. Sonra Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Sonda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxışında Respublika Ağsaqqallar Şurasının üzvlərinin gördüyü önəmli işlərdən söz açmış və ağsaqqalların Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklərini diqqətə çatdırıb.