“Kələxan” komendantlığının açılış mərasimi keçirildi
15 iyul 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun, Lənkəran Sərhəd Dəstəsinin komandiri polkovnik-leytenant Elşən Mirzəyevin, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli qulluqçularının, sərhəd dəstəsinin əsgər, gizir və zabitlərinin iştirakı ilə Lerik rayonun Kələxan kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin yeni inşa olunmuş “Kələxan” komendantlığının açılış mərasimi keçirildi.
Açılış mərasimində çıxışlar zamanı bildirildi ki, son illər cənab Prezidentimizin, Ali Baş Komandanın diqqət və qayğısı ilə dövlətimizin hər bir sahəsində olduğu kimi sərhəd-mühafizə xidməti sahəsində də çox irəliləyişlər olmuşdur. Eyni zamanda “Kələxan” komendantlığına daxil olan sərhəd zastavalarının maddi-texniki bazası genişləndirilmiş, əsgər yataqxanaları əsaslı təmir edilmiş, əsgər, gizir və zabit heyətinin xidməti və istirahəti üçün yüksək səviyyədə şərait yaradılmışdır.
Sonda tədbir iştirakçıları komendantlıqda yaradılmış şəraitlə tanış oldular. Komendantlığa yeni verilmiş müasir hərbi texnikaya baxış keçirildi.