“Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda Lerik rayonunda konfrans keçirildi
Lerikdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı və Lerik rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirildi. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 250-dən çox istehlakçı iştirak edirdi.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov açmış və “İstehlakçıların hüquqlarının qorunmasında yerli icra hakimiyyəti orqanlarının vəzifələri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsini həyata keçirilən inzibati və maarifləndirmə tədbirləri barədə məlumat verib. Xidmətin əməkdaşlarının “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələri dinlənilmiş və iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılmışdır.