Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədovun Lerik rayonunda Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilat sədrləri, partiya fəalları və gənclərlə görüşü keçirilmişdir
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, millət vəkili, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkili İqbal Məmmədov və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov öncə Ümummilli liderin abidəsinin önündə tər gül-içək dəstələri qoydular. Daha sonra tədbir rayon mədəniyyət evində davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov təşkilatın fəaliyyəti, qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verdi.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu gün sıralarında 600 mindən çox üzvü birləşdirən YAP ölkənin əsas aparıcı siyasi qüvvəsidir. İyun ayının 7-də partiyanın V qurultayında partiyanın sədri, cənab Prezident İlham Əliyevin namizədliyinin yekdilliklə irəli sürülməsi heç də təsadüfü deyil. YAP Azərbaycan xalqının iradəsini ifadə edir, bunu dəfələrlə keçirilən sosioloji sorğular da təsdiq etmişdir. Son 10 ildə məhz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, xalqın həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində aparılan siyasət onu xalqın sevimlisinə çevirmişdir. Bu gün bu uğurlar ucqar dağ rayonu olan Lerikdə daha aydın görünür. Burada aparılan tikinti-quruculuq və abadlıq işləri son 10 ildə geniş vüsət almışdır. Bu işlərin növbəti beş ildə də davam etdirilməsinə nail olmaq üçün hər bir YAP üzvü, fəalı, gənclərimiz, ziyalılarımız aktiv olmalı, görülən bu işlərin seçki öncəsi bir daha təbliğ etməlidir. Oktyabr ayında keçiriləcək Prezident seçkilərinin şəffaf, demokratik və bayram əhval-ruhiyyəsində keçirilməsi üçün seçki məntəqələrin hər bir şərait yaradılmalıdır.
Bu gün xalqın içərisində heç bir dəstəyi olmayan xarici havadarlarının diktəsi və səyi ilə Azərbaycanda hakimiyyətə gəlmək istəyən bəzi “qüvvələr” özləri də başa düşürlər ki, Azərbaycan xalqı artıq onlara inanmır. Onlar özləri də başa düşməlidirlər ki, siyasi cəhətdən tam formalaşmış xalqımızın böyük əksəriyyəti cənab İlham Əliyevin siyasətini dəstəkləyir.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək cənab İlham Əliyevin qayğı və diqqəti ilə rayonda aparılan tikinti işləri barədə geniş məlumat verdi. Rayon ərazisində mövcud 108 seçki məntəqəsində seçkiyə hazırlıqla bağlı aparılan işləri qeyd etdi.
Daha sonra YAP Lerik rayon təşkilatının siyasi şurasının üzvü Rövşən Rüstəmov və Gültəkin Şıxəliyeva çıxış edərək bildirdilər ki, Lerik əhalisi həmişə ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmiş, dövlətçiliyə sadiq olmuşdur. Artıq Leriklilər öz seçimini etmişdir. Oktyabr ayında keçiriləcək Prezident seçkilərində leriklilər yekdilliklə ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəkdir.