Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonun kəndlərinə mavi yanacaq verildi.

30 iyun 2013 | 15:00

 

29 iyun 2013-cü il tarixdə Lerik rayonunun Qosmalian, Hiveri, Zərdəbərə və Nuravud kəndlərinə mavi qazın verilməsi ilə əlaqədar Qosmalian kəndində açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev, Dövlət Neft Şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak edirdilər.
     Tədbiri rayon icra hakimiyyəti başçısının Qosmalian kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Nurullayev giriş sözü ilə açaraq qonaqları salamladı. Bildirdi ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə respublikanın hər yerində olduğu kimi Lerik rayonunda və onun ən ucqar kəndlərində belə, tikinti –abadlıq işləri geniş vüsət almışdır. Rayonun 20-dən yuxarı kəndinə qaz xətti çəkilmişdir. Bu gün Qosmalian, Hiveri, Zərdəbərə və Nuravud kəndlərində 223 abonentin evinə mavi qaz veriləcəkdir. Doğurdan da bu böyük hadisədir. Qısa zaman ərzində çətin relyefə malik olan bu kəndlərə qaz xəttinin çəkilməsi böyük hünərdir. Bütün bunlar cənab Prezidentin tapşırığına əsasən həyata keçirilir. Mən ərazimizin ağsaqqallarının, ziyalılarının, xüsusi ilə anaların adından cənab Prezidentə dərin minnətdarlığımızı və razılığımızı bildiririk. Çünki 70 il Sovet hakimiyyəti dövründə bir çox şəhərlərimizə, rayon mərkəzlərinə belə mavi qaz xətti çəkilməmişdi. Bu gün artıq ən ucqar kəndlərdə belə mavi qaz şölələnir.
     Bu il aprel ayında cənab Prezidentin Sərəncamı ilə tikintisinə vəsait ayrılmış Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir. Bu yol istifadəyə verildikdən sonra Azərbaycanın dilbər guşəsi olan Lerik turizm mərkəzi kimi daha da inkişaf edəcəkdir. İran İslam Respublikası ilə həmsərhəd olan Zuvand bölgəsi əsrarəngiz təbiəti, sərin bulaqları və havası ilə turistlərin diqqətini daha çox cəlb edəcəkdir. Əvvəl yol bərbad vəziyyətdə olduğu üçün bura gəlmək çətin idi. Hörmətli qonaqlar, yəqin ki, kəndimizə gəlişiniz zamanı şahidi oldunuz ki, yeni salınan yol necə rahatdır. Bu gün sevincimizin həddi–hüdudu yoxdur. Yol problemi aradan qaldırılır, çılpaq qayalıqlar əhatəsində olan yaşayış məntəqələrimizə mavi yanacaq verilir.
     Daha sonra Qosmalian kənd tam orta məktəbinin direktoru Kamal Hüseynov, Ağsaqqal Məhrəməli Cavadov çıxış edərək kənd sakinləri adından göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər. Dövlətimizin tarixində mühüm rol oynayan qarşıdan gələn Prezident seçkilərində bütün rayon əhalisinin yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini qeyd etdilər. Diqqətə çatdırdılar ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Cənab İlham Əliyev xalqı narahat edən bütün problemlərin aradan qaldırılması üçün daima səylə çalışır. Məhz onun hakimiyyəti illərində Lerik rayonu və onun bütün kəndləri tanınmaz dərəcədə dəyişib, inkişaf edib. Həmişə dövlətçiliyə sadiq olan leriklilər bu diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcək və daim onun siyasi kursunu dəstəkləyəcəkdir.
     Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, tanınmış neftçi alim, neft şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili İqbal Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdilər. Dövlət başçısı Cənab İlham Əliyevin tapşırığı, qayğı və diqqəti ilə respublikada, o cümlədən Lerikdə həyata keçirilən geniş layihələr haqqında məlumat verdilər.
     Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov mərasimə yekun vuraraq qeyd etdi ki, Dövlət Proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işləri həyata keçirilir. Cənab Prezidentin qayğı və diqqəti ilə Lerik-Qosmalian-Kəlvəz yolu yenidən tikilir, modul tipli elektrik stansiyası inşa olunur, Lerik şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur. Yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir. Kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılır. Qısa vaxt ərzində artıq 24 kəndimizə mavi yanacağın verilməsi təmin edilmişdir. Hazırda 15-dən yuxarı kənddə qazlaşdırılma işləri davam etdirilir. Cənab Prezidentin tapşırığı, qayğı və diqqəti ilə rayonumuzda bütün bu işlərin  həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

Keçidlər