15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir
15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Cəlil Baxşiyev, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşiyev açdı. Öncə hamını xalqımızın bugünkü firavan həyatında, dövlətçiliyimizin qorunmasında mühüm əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edən natiq bildirdi ki, bu günü bayram kimi qeyd etmək xalqımızın haqqıdır. Çünki hamımız o günlərin acı nəticələrinin və xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən dövlətimizin rəhbərliyinə gəlməsindən sonra yaranan sabitliyin, əldə olunan nailiyyətlərin şahidi olan insanlarıq. O fərqi görməmək və ya onu qiymətləndirməmək böyük ədalətsizlikdir.
Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda cərəyan edən o, ağır və mürəkkəb proseslər göstərdi ki, milli müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək uzaqgörənliyi və müdrikliyi sayəsində qorumaq olar.
Daha sonra C.Baxşiyev Milli Qurtuluşa həsr olunmuş geniş məruzə etdi.
Diqqətə çatdırdı ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan hüquqi baxımdan müstəqilliyini bərpa etsə də, əslində, xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş o zamankı iqtidar Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə, yalnız öz hakimiyyətini qorumağa çalışırdı. Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn səriştəsiz Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə Mütəllibov komandası arasında hakimiyyət davası gedirdi. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətdən uzaqlaşdırılan Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan, mitinq tribunalarından gələn AXC iqtidarı əvəz etdikdən sonra çox keçmədi ki, Azərbaycan daha böyük problemlərlə üz-üzə qaldı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı. AXC–Müsavat iqtidarı bir daha öz fərsizliyini nümayiş etdirərək, Gəncədə son dərəcə uğursuz əməliyyat keçirdi. Nəticədə, Surət Hüseynov kimi satqının başçılıq etdiyi hərbi dəstələr xalqdan dəstək görməyən AXC–Müsavat iqtidarının istefasını tələb edərək, Gəncədən Bakıya yürüş edib, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar. Digər tərəfdən, ölkənin şimal-şərq bölgəsində separatçı ünsürlər “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdülər. Azərbaycana arxadan zərbə vuraraq “Talış–Muğan Respublikası” elan edən separatçı quldur dəstələri cənub bölgəsində ağalıq edirdilər. AXC–Müsavat iqtidarının özünü qorumaq, Surət Hüseynovun və Əlikram Hümbətovun isə hakimiyyət uğrunda mübarizədə qüvvələrini səfərbər etmək məqsədi ilə Milli Ordu hissələrini cəbhə bölgəsindən çıxarmaları nəticəsində erməni təcavüzkarlarının Azərbaycanın yeni-yeni yaşayış məntəqələrini işğal etməsinə şərait yaranırdı.
Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək, ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdı. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi.
1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, ölkənin parçalanmasının qarşısının alınması istiqamətində böyük siyasi-hərbi iş aparıldı. Cənubda Əlikram Hümbətovun elan etdiyi qondarma Talış–Muğan Respublikası xülyasının qarşısı qətiyyətlə alındı, ölkənin şimal-şərq sərhədində sadvalçıların özbaşınalığına son qoyuldu. Bununla da, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçirildi. Xalqın dəstəyini qazanan Heydər Əlirza oğlu Əliyevə seçicilərin tam əksəriyyəti səs vermişdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin titanik fəaliyyəti respublikadan xaricdə və daxildə olan düşmənlərimizi olduqca narahat edirdi. Heydər Əliyev terrorçuluğun, dövlət çevrilişi cəhdlərinin qarşısını almaqda böyük məharət, çeviklik və təmkinlilik göstərdi. Prezidentin çevik siyasəti, xalqla birliyi nəticəsində 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni mərhələ başlandı.
Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir ictimai-siyasi münasibətlər sisteminin bərqərar edilməsinə, xalqın maraqlarının həyata keçirilməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu. Xalqın özünə inamı, sabaha ümidi bərpa olundu, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsası qoyuldu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün həm siyasi, həm də iqtisadi imkanlarını gerçəkləşdirə bildi. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, milli-mənəvi sərvətlərimizə - dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Ümummilli liderin həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm Prezidentin siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev Ulu öndərin başladığı neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Azərbaycanın bölgədəki lider mövqeyi daha da möhkəmləndirildi. Bakı – Tbilisi - Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin həyata keçirməsinə qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatının inkişafına, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Uğurlu siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər həm də Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib. Təsadüfi deyil ki, yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən aparıcı dövlət olan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bir ay ərzində bu Şuraya uğurla sədrlik etmişdir.
Bu gün Azərbaycanın bütün regionları sürətlə inkişaf edir, sosial problemlər həll edilir və insanların rifah halı durmadan yüksəlir. Təkcə rayonumuzda bu 20 ildə gedən dəyişikliyi, inkişafı görməmək insafsızlıqdır. Bu gün Lerikdə hansı işlər həyata keçirilir. Ancaq 1991-1993-cü illərdə hamı yalnız gündəlik çörək fikrini edirdi. Şükür Allaha ki, artıq həmin günlər arxada qaldı. Və mən inanıram ki, yaxın 10 ildə də xalqımız yalnız İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. Bu yolda hamınıza uğurlar arzulayıram.
Məruzə ətrafında YAP rayon təşkilatının sədri Elxan Qənbərov, ağsaqqal Abbas Zahidov, Peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov çıxış edərək 1993-cü ilin iyununda, Azərbaycanda ağır və mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yalnız onun qətiyyəti, yüksək uzaqgörənliyi və müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanılmasının mümkün olduğunu, ulu öndərin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər. Qarşıdan gələn Prezident seçkilərində leriklilərin Heydər Əliyev siyasətini uğurla həyata keçirən Cənab İlham Əliyevə səs verəcəyini qeyd etdilər.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini yekun vuraraq qeyd etdi ki, 1991–1993-cü illərdə respublikamız müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşıyırdı. 1993-cü ildə bu gündə, utanmadan hakimiyyət uğrunda xarici havadarlarının dəstəyi ilə mübarizə aparan AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi idi ki, Azərbaycan vətəndaş müharibəsi, dağılmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir ağır zamanda xalqımızın Ümummilli Lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi.
Heydər Əliyev də çox gözəl bilirdi ki, o ağır, qarışıq günlərdə özünü qabağa verməsə, müstəqillik əldən gedəcək, dövlətçilik məhv olacaq, xalq isə didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları, qarayaxma kampaniyasını bir kənara qoyub o ağır və keşməkeşli günlərdə xalqın köməyinə tələsdi.
Sonda tədbir iştirakçılarını möhtəşəm bayram münasibəti ilə bir daha təbrik etdi.