BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”nə uyğun olaraq Lerik rayonunda “Əhalinin inkişafı mövzusunda yerli müzakirə” keçirilmişdir
2013-cü il mayın 29-da BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”nə uyğun olaraq dövlət tərəfindən götürülmüş öhdəliklərin icra müddətinin 2015-ci ildə başa çatması ilə əlaqədar sonrakı dövrlərdə qarşıda duran vəzifələr və görüləcək işlərin perspektivlərinə dair Lerik rayonunda “Əhalinin inkişafı mövzusunda yerli müzakirə” keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev, Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, rayon icra hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” haqqında məlumat verərək, dünya üzrə demoqrafik problemlər, ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, gender bərabərliyinin təminatı, ana və uşaq ölümü hallarının qarşısın alınması, ailə sağlamlığının yaxşılaşdırılması, o cümlədən HIV/AIDS və digər təhlükəli xəstəliklərə qarşı mübarizə, ətraf mühitin davamlılığının təmin edilməsi məsələlərindən, bu istiqamətdə respublikamızda həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev, rayon statistika idarəsinin rəisi Ədail Məmmədov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vəligulla Alışov, rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev qeyd olunan məsələlər üzrə mövcud vəziyyət, bu problemlərin həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmış, təkliflər səsləndirmişlər.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova müzakirəyə yekun vuraraq əhalinin inkişaf problemləri mövzusunda keçirilən tədbirin əhəmiyyətini qeyd etmiş, qarşıda duran vəzifələrin həyata keçirilməsi zamanı səsləndirilən rəy və təkliflərin nəzərə alınacağını diqqətə çatdırmışdır.