Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Milli Qurtuluş – 20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda dəyirmi masa keçirilmişdir

17 may 2013 | 15:00

2013-cü il mayın 16-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinin 20-ci ildönümü münasibəti ilə “Azərbaycan” qəzetinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş – 20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, fəal gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
     Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət etmiş, abidə önündə gül dəstələri düzmüşlər.
      Dəyirmi masanı giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirmişdir ki, 1990-cı illərin əvvəllərindən respublikada dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhranın son həddə çatdığı bir zamanda – 1993-cü ilin iyununda Azərbaycan real vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı, böyük təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü və qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınmış, torpaqların işğalı dayandırılmış, respublikanın parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Həmin dövrdən başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.
      Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov “Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Lerik mühüm yer tutur” mövzusunda məruzə etmişdir. Bildirmişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Bu böyük qayıdış, milli qurtuluş sayəsində bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bunu regionların timsalında daha aydın görmək olur. Respublikada reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Son illərdə Lerik rayonunda tikinti-quruculuq, abadlıq işlərinin miqyası daha da genişlənmiş, bu işlər rayonun bütün ərazilərində böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. Xüsusilə qeyd edilməlidir ki, artıq Lerik şəhəri və rayonun 20 kəndi təbii qazla təmin olunmuşdur. Digər kəndlərə də qaz xətlərinin çəkilişi davam etdirilir. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük işlər görülmüşdür. Cənab Prezidentin 2012-ci il 3 aprel tarixli Sərəncamı ilə tikintisinə maliyyə vəsaiti ayrılmış Lerik–Qosmalian–Kəlvəz yolunun əksər hissəsi asfaltlaşdırılmışdır. Rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət obyektləri üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial problemlərinin həll edilməsi istiqamətində böyük işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq Lerik şəhərinə yeni su xəttinin çəkilməsi və şəhərin kanalizasiya sisteminin yaxşılaşdırılması, həmçinin modul tipli elektrik stansiyasının tikintisi istiqamətində görülən işlər rayonumuzun tarixində həyata keçirilən ən böyük sosial layihələrdir. Bundan sonra da quruculuq, abadlıq işləri davam etdiriləcək, hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi üçün qarşıya qoyulan məsələlər uğurla həyata keçiriləcəkdir.
     Dəyirmi masada “İqtisadi sahədə keçmiş ənənələr bərpa olunur, yeni tipli iqtisadiyyat Lerikin yüksəlişində əsas amilə çevrilir, aqrar sektor inkişafdadır” mövzusunda sahibkar-fermer Ələkbər Salayevin, “Sosial sahəyə diqqət, xüsusi kateqoriyalı insanlara sosial dəstək uğurlu bəhrələrini verir; abadlıq və quruculuq rayonda əsas fəaliyyət istiqamətidir” mövzusunda Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirovun, “Milli Qurtuluş missiyasının əyani nəticəsi Lerikin dünəni ilə bu gününün müqayisəsində öz real təsdiqini tapır” mövzusunda Lerik peşə məktəbinin direktoru, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyevin, “Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır” mövzusunda Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın çıxışları dinlənilmişdir.
      Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək bildirmişdir ki, 1993-cü il iyun hadisələri zamanı Azərbaycanın üz-üzə qaldığı vətəndaş müharibəsi təhlükəsi məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə aradan qaldırıldı. Onun yaratdığı Yeni Azərbaycan Partiyası siyasi sistemin dominant güc mərkəzinə çevirdi. Azərbaycan iqtisadiyyatı Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sahəsində tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçdi. Bu gün bütün respublikada olduğu kimi, ucqar dağ rayonu olan Lerikdə də sürətli iqtisadi inkişaf müşahidə olunur. Günü-gündən abadlaşan və inkişaf edən Lerik şəhəri və kəndlərimiz daim tərəqqidən xəbər verir. Rayonun ən ucqar kəndlərinə belə qaz çəkilir, yollar abadlaşdırılır, inzibati binalar və uşaq bağçaları tikilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yol infrastrukturunun yenidən bərpası, rayonun qazlaşdırılması sahəsində davamlı surətdə iş aparılır, şəhərin su-kanalizasiya xətləri təzələnir. Rayonda modul tipli elektrik stansiyası tikilir. Ötən illərdə ucqar dağ kəndlərində 40 müasir tipli, hər bir şəraiti olan və avadanlıqlarla təchiz olunmuş məktəb binası tikilib istifadəyə verilmişdir, 13 məktəb tikilməkdədir, cari ildə daha 6 məktəb tikiləcək, 2 məktəb isə əsaslı təmir olunacaqdır. Piran, Blaband, Şingədulan kəndlərində həkim məntəqələri üçün müasir tipli binalar tikilmişdir. Cəngəmiran, Günəşli, Monidigah kəndlərində yeni uşaq bağçaları tikilmiş, şəhər uşaq bağçası isə əsaslı təmir olunmuşdur. Rayon mədəniyyət evi əsaslı təmir olunmuş, rayon icra hakimiyyəti tərəfindən dünyada analoqu olmayan “Uzunömürlülər” muzeyi tikilmişdir. Yeni iş yerləri açılır, sahibkarlığın və yerli istehsalın inkişafı dəstəklənir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində daim iş aparılır. 2013-cü il Azərbaycanda həm də Prezident seçkiləri ili kimi də əlamətdardır. Ümidvarıq ki, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi işləri yüksək qiymətləndirən qədirbilən Azərbaycan xalqı seçkilərdə bir daha cənab İlham Əliyevə səs verəcəkdir.

Keçidlər