Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının VIII konfransı keçirilmişdir
2013-cü il mayın 15-də Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının VIII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət etmiş, abidə önündə gül dəstələri düzmüşlər.
Rayon mədəniyyət evində davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov təşkilatın ötən konfransından keçən müddət ərzində görülmüş işlərə dair məruzə etmişdir. Bildirmişdir ki, 1990-cı ilin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan bir qrup ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər tanınmış Azərbaycan ziyalısının imzası ilə 16 oktyabr 1992-ci ildə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. O illərdə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri vəzifəsində çalışırdı. Yaxşı bilirik ki, Heydər Əliyev bir daha böyük siyasətə qayıtmamaq qərarını qəbul etmişdi. Lakin Azərbaycan respublikasının düşdüyü çətin şərait, rayonlarımızın ardı-arası kəsilmədən işğalı, iqtisadi böhranı görən dahi şəxsiyyət «91-lər»in müraciətinə 24 okiyabr 1992-ci ildə müsbət cavab verərək bu ağırlığı çiyinlərinə götürməyə razılıq verdi.
Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 600 mindən çox üzvü birləşdirir. Müxalifət partiyası kimi yaranan YAP qısa müddət ərzində Parlamentdə səs çoxluğu qazanaraq iqtidar partiyasına çevrilmişdir. Uzun illər YAP iqtidar partiyası kimi xalqımıza, dövlətimizə xidmət göstərəcək. Çünki, üzv olduğumuz Yeni Azərbaycan Partiyasının təməli dahi şəxsiyyət dünya siyasət aləmində özünəməxsus yer tutmuş Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
1988-1993-cü illərdə bütün Azərbaycanda olduğu kimi respublikamızın cənub bölgəsində də, xüsusən rayonumuzda ictimai-siyasi vəziyyət dözülməz həddə gəlib çatmışdı. Separatçı qüvvələr bölgədə istədiklərini rahat həyata keçirə bilirdilər. Rayon idarəçilik bacarığı və qabiliyyəti olmayan komendantlar tərəfindən idarə olunurdu. Bütün bu çətinliklərə və qadağalara baxmayaraq 1993-cü ilin sentyabr ayında 54 nəfər vətənpərvər insanın iştirakı ilə YAP Lerik rayon təşkilatının təsis konfransı çağırıldı. YAP Lerik rayon təşkilatı 56 ərazi ilk partiya təşkilatında 3400 nəfərdən çox üzvü özündə birləşdirir. Təşkilatda gənclər birliyi, qadınla şurası fəaliyyət göstərir. YAP rayon təşkilatının çoxsaylı üzvləri rayonun ictimai-siyasi, quruculuq və abadlıq işlərində fəali iştirak edirlər.
Sevindirici haldır ki, YAP Lerik rayon təşkilatının sıralarında birləşdiyi üzvlərin əksəriyyətini cəmiyyətimizin aparıcı qüvvəsi olan ziyalılar təşkil edir. Onların hər biri YAP-ın ideyalarına sadiq insan kimi partiyamızın siyasi kursunu təbliğ edirlər. Etiraf etmək lazımdır ki, əvvəlki illərdə partiya sıralarına qəbul olunmuşların 16,5 faizini qadınlar təşkil edirdilərsə, 2012 –ci ildə partiyaya qəbul olunmuşların 31,6 faizini qadınlar təşkil edirdi. Gənclərin partiya sıralarına qəbuluna diqqət yetirilir.Bu gün partiyanın rayon təşkilatı üzvlərinin 42 faizini gənclər təşkil edir. Rayonumuzda gənclərə diqqət və qayğı günün tələbləri səviyyəsində qurulmuşdur.
YAP Mərkəzi Aparatının təşəbbüsü ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə hər il avqust ayında «Yay məktəbi» layihəsi əsasında gənclər rayonumuzun «Relax» turizm istirahət mərkəzinə gələrək istirahət edirlər.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar YAP rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birlikdə idarə, müəssisə və təşkilatlarda silsilə yubiley tədbirləri keçirmiş və respublika mətbuatında işıqlandırılmışdır.
2013-cü il Azərbaycan xalqının o cümlədən, biz leriklilərin yaddaşından uzun illər silinməyəcək. Bu il bir də Prezident seçkiləri ili kimi yaddaşlarda qalacaq. Əvvəlki seçkilərdə olduğu kimi 2013-cü ildə keçiriləcək Prezident seçkiləri də rayonumuzda tam demokratik, şəffaf, seçki məcəlləsində nəzərdə tutulmuş qaydada keçiriləcəkdir. Artıq Lerik seçiciləri öz seçimlərini etmişlər. Onlar təkrarən Yeni Azərbaycan Partiyasının vahid namizədi, ümummilli lilderimiz Heydər Əliyevin siyasi varisi İlham Əliyev cənablarına bir nəfər kimi səs verəcəklər. İlham Əliyevə səs verməklə biz müstəqilliyə, dövlətçiliyə, demokratiyaya, sürətli iqtisadiyyata, çevik və uğurla həyata keçirilən daxili və xarici siyasətə səs vermiş oluruq.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov konfransda çıxış edərək partiyanın yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışmışdır. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə, tarixi zərurətdən yaranmışdır. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən qüdrətli siyasi təşkilat olduğunu, əvvəlki illərdə keçirilən bütün seçkilərdə partiyanın həmişə uğur qazandığını, bu uğurun əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun dayandığını, qarşıdan gələn Prezident seçkilərində də xalqın yenidən Prezident cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirmişdir.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi illərdə Azərbaycan Respublikası qüdrətli dövlətə çevrilmiş, bu siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda Azərbaycan Respublikası regionda lider dövlətə çevrilmiş, BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Ölkəmizdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri rayonumuzda da müvəffəqiyyətlə icra edilir. Ötən illər ərzində rayonumuzda bu sahədə çoxlu işlər görülmüş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş işlərin icrası davam etdirilir. Artıq rayonun 20-yə yaxın kəndi təbii qazdan istifadə edir. Cənab Prezidentin Sərəncamı ilə tikintisi üçün maliyyə vəsaiti ayrılmış Lerik-Qosmalian-Kəlvəz yolunun böyük bir hissəsi tamamilə asfaltaşdırılmışdır. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etmişdir.