Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə 1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü qeyd olunmuşdur

10 may 2013 | 15:00

1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
     Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini, Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, abidə önündə gül dəstələri düzmüşlər.
     Mərasim “Nur” şadlıq sarayında bayram süfrəsi arxasında davam etdirilmişdir.
    Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov çıxış edərək bildirmişdir ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu olmuşdur. Azərbaycan övladları istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə fədakarlıqlar göstərmişlər. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı ilə yanaşmış, bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezident 2013-cü il aprelin 23-də 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 300 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi haqqında Sərəncam imzalamışdır. Bu, müharibə veteranlarına göstərilən qayğının daha bir təzahürüdür.
     Faşizm üzərində tarixi qələbənin əldə edilməsində leriklilərin də xidməti az deyildir. 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfər cəbhəyə yola salınmışdır. Onlardan 1584 nəfəri həlak olmuş, 3314 nəfəri müxtəlif dərəcədə yaralanmışdır. 600 nəfərdən çox lerikli orden və medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranlarının yolunu davam etdirən 130 nəfərdən çox lerikli gənc Qarabağ döyüşlərində şəhid olmuş, 5 nəfər lerikli “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
     Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etmiş, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirmişdir. 1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibətin də birdəfəlik aradan qaldırıldığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini bildirmiş, Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırmışdır.
     Bayram tədbirində müharibə veteranları çıxış edərək bildirmişlər ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Xüsusən torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti bizi Böyük Qələbəyə – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları unutmadığına görə, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ifadə etmişlər.
    Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə bayram süfrəsi arxasında davam etdirilmiş, müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən maddi yardım verilmişdir.
 

Keçidlər