Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi
Fevralın 25-də tarixin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar olaraq Lerikdə anım tədbiri keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə tər güllər qoyaraq soyqırım qurbanlarının xatirəsinə ehtiramlarını bildirdilər.
Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə və Vətən Müharibəsi şəhidlərinin xatirə lövhəsinə baxış keçirdilər.
Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev erməni işğalçıları və havadarları tərəfindən törədilən bu misli görünməmiş faciəni, dəhşətli hadisələri xatırlayaraq Azərbaycan xalqına və dövlətinə qarşı aparılan məkirli siyasəti qınayaraq mövzu ətrafında geniş məruzə etdi. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
2020-ci il sentyabrın 27-də ölkə Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən qüvvələrinin məhv edilərək ağır məğlubiyyətə uğradılması ilə böyük tarixi həqiqətin bərpa edilməsi həm də Xocalı faciəsi və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən qətliamların qurbanlarının qisasının alınması ilə yaddaşlarda qalacaq. Müzəffər Azərbaycan Ordusu qısa müddətdə, cəmi 44 gün ərzində mənfur düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə, ona layiq olduğu yeri göstərdi. Bu gün qəhrəman əsgər və zabitlərimiz həmin torpaqlarda dalğalanan müqəddəs bayrağımızı şərəflə qoruyurlar. Bu gün Xocalı şəhidlərinin, ümumiyyətlə, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.
Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarənin rəisi Şahin Şahbazov çıxış edərək bildirdi ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 30 il zaman məsafəsi ayırır. Azərbaycanlılara qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Ermənistanın bu təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində başda Ali Baş Kamandan Prezident cənab İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Tədbirin bədii hissəsində Lənkəran şəhər Cəfər Cabarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin uşaq xor kollektivi geniş proqramla çıxış etdi.