Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi

01 fevral 2022 | 16:00

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Lerik rayonunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, müharibə iştirakçıları, Gənclərin Karyera və İnkişaf Mərkəzinin (GKİM) regiondakı nümayəndəliklərindən qonaqlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksini və Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Tədbir rayon mədəniyyət mərkəzində davam etdirildi. Gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, GKİM-in Lerik nümayəndəliyinin direktoru Ayfər Şakirli, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Vətən müharibəsi iştirakçısı Allahşükür Babazadə çıxış edərək 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etdilər.
Bildirildi ki, müstəqil Azərbaycan gənclərinin 1996-cı il fevralın 2-də keçirilmiş I Forumu ölkəmizin həyatında əlamətdar hadisə olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Forumdakı dərinməzmunlu nitqi gənclərin fəaliyyət proqramına çevrilmişdir. Prezident Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla Gənclərin I Forumunun keçirildiyi tarix – 2 Fevral Azərbaycan Gəncləri Günü elan olundu.
Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilmişdir. Cənab Prezidentin gənclərlə bağlı verdiyi tövsiyələr, imzaladığı fərman və sərəncamlar ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə yüksək dəyər verdiyinin təzahürüdür. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Gəncliyin inkişafı cəmiyyətin, xalqın, millətin, ümumilikdə, Azərbaycanın tərəqqisi, yüksəlişi deməkdir. Gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Lerik rayonunda da zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif edildi.
Qısa viktorinadan sonra tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər