Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yaponiyanın Azərbaycandakı səfiri Lerikdə

21 yanvar 2022 | 16:00

21 yanvar 2022-ci il tarixdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçinin Lerikə rəsmi səfərə gəlmişdir.
Səfər çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında səfir cənab Vada Cüniçi və Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev arasında görüş keçirildi.
Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı. Bugünkü səfərin Yaponiyanın ölkəmizdə səfirliyinin yaranması gününə təsadüf etdiyini bildirdi və cənab səfiri səfirliyin yaranmasının 22 illiyi və ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibəti ilə təbrik etdi.
Bildirdi ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuşdur. Yaponiya Hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşılaya biləcək inkişaf layihələri üçün “Ot Kökləri Layihələri üzrə Qrant Yardımı (GGP)” adlı sxem üçün maliyyə yardımı təklif etmişdir. 2000-ci ildən bəri sözügedən sxem, bələdiyyələr, tibb müəssisələri və QHT-lər tərəfindən təqdim olunan və insanların yaşayış standartlarını yaxşılaşdırmağa xidmət edən 200 yaxın layihəni əhatə etmişdir. Sözügedən layihələr yoxsulluğun aradan qaldırılması, sosial müdafiə, infrastruktur, ictimai səhiyyə və gəlirin artırılması sahələrində həyata keçirilmişdir. Bu layihə çərçivəsində 2003–2004-cü illərdə Lerik şəhər 3 saylı tam orta məktəbinin tədris korpusu,  2012-ci ildə Lerik rayonunun Şingədulan kənd həkim məntəqəsi inşa edilmişdir.
Son illərdə Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmir olunmuş, Pirasora və Conu kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verilmişdir.
Bütün bu görülmüş işlərə görə səfirin timsalında Yaponiya dövlətinə təşəkkürünü bildirən C.Baxşıyev yeni layihələrin icrasına ümidvar olduğunu bildirdi. 44 günlük Vətən Müharibəsi zamanı Yaponiyanın ölkəmizə göstərdiyi dəstəyə və qələbəmizin rəmzi olan “Xarı Bülbül” döş nişanını sinəsində gəzdirdiyinə görə  xüsusi minnətdarlığını ifadə etdi.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Vada Cüniçi Yaponiya-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikdə qarın yaratdığı füsunkar mənzərənin insanda xoş əhval-ruhiyyə yaratdığını  və burada olmasından məmnun qaldığını bildirdi.
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibəti ilə 2022-ci ildə səfirlik tərəfindən bir sıra rəngarəng tədbirlərin keçiriləcəyini, gələcəkdə də Lerikdə layihələrin icrasının davam etdiriləcəyini qeyd etdi.
Görüşün sonunda qarşılıqlı hədiyyələr  təqdim edildi.
Daha sonra səfir “Uzunömürlülər” muzeyi ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.

Keçidlər