Lerik Rayon Statistika idarəsinin açılışına həsr olunmuş mərasim keçirildi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon statistika idarəsi üçün yeni inşa edilmiş inzibati binanın açılış mərasimi keçirildi. Tədbirdə Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon statistika idarəsinin rəisi Ədail Məmmədov Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq inşa edilmiş, iki mərtəbəli, yaraşıqlı binanın açılışının əlamətdar bir günə - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində baş verməsinin heç də təsadüfü olmadığını bildirdi. Bildirdi ki, ümummilli liderin Respublikamıza rəhbərlik etdiyi sovet dönəmində və müstəqilliyimizin ilk illərində Respublikamızda tikinti-quruculuq işləri geniş vüsət almışdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun düzgün icrasının nəticəsidir ki, bu gün ən ucqar rayonlarımızda belə, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman kompleksləri, inzibati idarə binaları, yaşayış evləri inşa edilir. Şəhər, kənd və qəsəbələrimizin siması dəyişir. Yeni yollar, körpülər salınır, qaz xətti çəkilir. Bütün bunlar əhalinin yaxşı yaşaması, dövlət idarələrində çalışan işçilərin rahat və səmərəli işləməsi üçün stimul verir.
Daha sonra Dövlət Proqramının rayonda icrası istiqamətində aparılan işlərin, Modul tipli elektrik stansiyası və Lerik şəhərinə içməli su xəttinin çəkilməsi və kanalizasiya şəbəkəsinin qurulması istiqamətində aparılan işləri, rayonda kənd təsərrüfatı və turizm sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri qeyd olundu. Natiq onların səmərəli fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını Ulu Öndərin 90 illik yubileyi münasibətilə təbrik etdilər və son illər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, həyata keçirilən strateji kurs nəticəsində yaranan yeni iş yerləri, əhalinin həyat səviyyəsini yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdilər.
Daha sonra rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış oldular.