Zəfər günü münasibəti ilə ümumrayon tədbiri keçirildi
Zəfər günü münasibəti ilə ümumrayon tədbiri keçirildi
8 noyabr 2021-ci il tarixdə Zəfər Günü bayramına həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları Lerik şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət etdilər, gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etdilər.
Sonra tədbir rayon icra hakimiyyəti və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı Heydər Əliyev meydanında təşkil edilmiş bayram şənliyi ilə davam etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev 8 noyabr – Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik etdi.
Bildirdi ki, bu gün Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər gününün birinci ildönümünü iftixar hissi ilə qeyd edirik. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının, dövlətinin hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyulduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən tarixi sənəddir. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ adlı ərazi adı artıq tarixdə qaldı.
Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazıldı!
30 il əvvəl yaşanan kədər sona çatdı!
30 illik vətən həsrəti, nisgili bitdi!
30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi!
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il... Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Bu gün Böyük Qələbə Günüdür!
Biz əlbəttə qələbə çalmalıydıq.Çünki mərdliyi, mübarizliyi kökündən gələn Azərbaycan xalqı heç vaxt torpaqlarının əbədi işğalda qalması ilə razılaşa bilməzdi.Əgər bir ata öz övladını məzarda dəfn edərkən o biri oğlumda vətənə qurban deyirsə, qazisi ürəyində qəlpə ola-ola ürəyim bu Vətənə qurban deyirsə, bir səngərdə döyüşən ata-oğullarımız varsa, bir ana öz oğlunun tabutu önündə qurban kəsirsə, bir ana oğlunun, bir həyat yoldaşı ərinin tabutunu daşıyırsa, öz oğlunun məzarında Xocalının qisasını almısan südüm sənə halal olsun deyən analarımız, köhnə, nimdaş paltarla “Asan” xidmətə gəlib öz pensiyasını son qəpiyinə qədər müdafiə fonduna köçürən atalarımız varsa, müharibəyə getmək üçün səfərbərlik şöbələrində işçilərlə işçilərlə dalaşaraq müharibyə yola salınmasını istəyən Qəhrəman oğullarımız varsa, bütün xarici təzyiqləri dəf edərək siyasi gücləri susdurmağı bacaran ölkə başçımız və nəhayət Ali Baş Komandanı ətrafında dəmir yumruq kimi birləşən qəhrəman xalqımız varsa biz heç vaxt məğlub ola bilməzdik və qələbə çalmalıydıq.
Düzdür, Bu Qələbə heç də asan başa gəlmədi. Lerik rayonu 46, ölkəmiz isə 3000-ə yaxın şəhid Verdi. Amma torpaqlarımızı azad etdik.Mən bütün şəhid valideynlərinin qarşısında baş əyirəm.Onlara sonsuz məhəbbət və ehtiramımı bildirirəm.Onlara minnətdarıq ki, qəhrəman övladlar yetişdiriblər.
DAha sonar natiq qeyd etdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir.
ZƏFƏR bayramınız mübarək!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev!
Eşq olsun Azərbaycan ordusuna!
Eşq olsun Azərbaycan xalqına!
Sonra tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. 8 noyabrın Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı olduğunu vurğuladı.
Tədbirdə yerli müsiqiçilərin ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı mahnılar, bədii qiraətçilərin söylədiyi Zəfər bayramına, Qələbəmizə və Şəhidlərə həsr olunmuş şerlər maraqla qarşılandı.
Bayram şənliyi axşam saatlarında atəşfəşanlıqla başa çatmışdır.