Rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb
Rayonumuzun sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində uğurlu infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir. Belə ki, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırılmış, abadlıq işləri geniş vüsət almış, yeni parklar salınmış və ya əsaslı təmir edilərək yenidən qurulmuşdur. Lerik şəhərinin bir neçə küçəsində səkilər yenidən qurulmuş, eyni zamanda şəhər küçələri asfaltlaşdırılmış və kəndara yollarında təmir-bərpa işləri aparılmışdır. Bu işlərin davamı olaraq rayonun Osnağaküçə və Xəlifəküçə kəndlərinin asfaltlaşdırılması həyata keçirilmişdir.
13 oktyabr 2021-ci il tarixində rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kənd yollarında aparılan asfaltlaşdırma işlərinin gedişatı ilə maraqlanmış, xidmətlərin müasir tələblər səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Həmçinin Xəlifəküçə kəndində “Şəhidlər abidə kompleksi”nin tikintisi ilə yaxından tanış olmuşdur.
Sakinlər onlar üçün yaradılmış əlverişli şəraitə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.