5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd edərək təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın, o cümlədən rayonun təhsil işçilərinin medallarla təltif edilməsinin, onlara fəxri adların verilməsinin dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı.
Tədbirdə təhsil işçiləri çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmiş təhsil işçilərinə fəxri fərmanlar təqdim edildi.