Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Piran kəndində şəhid gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun barelyefinin və şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

08 sentyabr 2021 | 16:00

2021-ci il sentyabrın 8-də Piran kəndində Vətən müharibəsi şəhidi gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun barelyefinin və şəhidin xatirəsinə tikilmiş bulaq kompleksinin açılış mərasimləri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdilər, məzarın önünə tər gül-çiçəklər düzdülər.
Piran kənd tam orta məktəbində Vətən müharibəsi şəhidi gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun barelyefinin açılışı keçirildi.
Şəhidin həyatı və döyüş yolu haqqında məlumat verilərək bildirildi ki, Vidadi Cabbarov 1997-ci il martın 28-də Piran kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun giziri Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur.
Daha sonra şəhid gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirildi.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. O cümlədən Piran kəndinin qəhrəman oğlu, Vətən müharibəsi şəhidi gizir Cabbarov Vidadi Cəbrayıl oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda”, 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir örnək olacaqdır.
Açılış mərasimində çıxış edənlər ötən il torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.
Daha sonra məktəblilərin ifasında şəhidlərə və Vətən müharibəsində qələbəyə həsr olunmuş şeirlər səsləndirildi.
Şəhidin atası Cəbrayıl Cabbarov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.

Keçidlər