Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi-praktik konfrans keçirilmişdir

05 may 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ərazi icra nümayəndəliklərində, ümumtəhsil məktəblərində müxtəlif tədbirlər, müsabiqələr, idman yarışları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi dərslər keçirilir.

2013-cü il mayın 4-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə Heydər Əliyev meydanında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ümummilli liderin abidəsi ziyarət edilmiş, abidə önündə tər gül-çiçək dəstələri qoyulmuşdur.
     Elmi-praktik konfransın iştirakçıları daha sonra rayon mədəniyyət evində ulu öndərə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirmişlər.
       Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
     Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda geniş məruzə etmişdir.
     Bildirmişdir ki, Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.
    Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı vaxtlarda respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görmüşdü.
     Ötən əsrin 60-cı illərinin sonlarında çətin iqtisadi durumda olan Azərbaycana rəhbərlik Heydər Əliyevə etibar edildi. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitənin birinci katibi vəzifəsinə seçildi. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Qədirbilən xalqımız Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeridirdi. Ümumiyyətlə, 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə – yüksəliş mərhələsinə daxil olması demək idi.
     1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mərkəzi Komitənin Baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri olduğu illərdə Azərbaycana qarşı hansısa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdılar.
     Həyatının təhlükə qarşısında olmasına baxmayaraq Heydər Əliyev 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi, bu ağır gündə xalqının yanında olacağını bildirdi.
      Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Getdikcə anarxiya, başıpozuqluluq uçurumuna yuvarlanan Azərbaycan iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü və qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi.
      Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınmış, torpaqların işğalı dayandırılmış, respublikanın parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
    1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
      Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
    Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin çoxtərəfli gərgin fəaliyyəti sayəsində cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatların nəticəsi olaraq, Azərbaycan Respublikası Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşdu və burada layiqli yerini tutdu. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir.
      Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
     Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov “Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasında rolu”, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında məruzə etmişlər.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, şair Balayar Sadiq çıxış etmişlər.
      Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilmiş, ümummilli liderin 90 illik yubileyi münasibəti ilə keçirilmiş müsabiqə və idman yarışlarında qalib gəlmiş şəxslər mükafatlandırılmışlar.

Keçidlər