“8 Noyabr - Zəfər Günü” münasibətilə tədbir keçirilib
Xalqımızın tarixində çox əlamətdar olan “8 noyabr Zəfər Günü” münasibəti ilə Lerik şəhərində ümumrayon tədbiri və konsert proqramı keçirilib.
Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasov çıxış edərək 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Cari ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, bu gün isə Zəfər Paradının Xankəndində keçirilməsi xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov və digərləri çıxış edərək bayram münasibəti ilə təbriklərini çatdırıblar.
Daha sonra tədbir Heydər Əliyev meydanında möhtəşəm konsert proqramı ilə davam etdirilib.