“Vətən müharibəsi qəhrəmanı” mayor Amid Heydərovun təltifi ailəsinə təqdim edildi
2021-ci il iyulun 08-də Lerik Rayon İcra Hakimiyyətində Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Heydərov Amid Rəbbil oğlunun ailə üzvləri ilə görüş keçirildi və ailəsinə şəhidin təltif olunduğu “Vətən müharibəsi qəhrəmanı” fəxri adının vəsiqəsi və medalı təqdim edildi.
Təqdimetmə mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edirdilər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Vətən müharibəsinin 44 günü ərzində müzəffər Azərbaycan Ordusunun qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Qeyd edildi ki, qəhrəmanımız Amid Heydərov Vətən müharibəsində iştirak edərkən 2020-ci il oktyabrın 3-də Cəbrayıl uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid mayor Amid Heydərov uğurlu döyüş yolu keçmiş, Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli 2336 nömrəli Sərəncamı ilə “Vətən müharibəsi qəhrəmanı” adı verilmişdir. Bundan əlavə, şəhid Amid Heydərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
Daha sonra şəhid Amid Heydərovun təltif edildiyi “Vətən müharibəsi qəhrəmanı” fəxri adının vəsiqəsi və medalı ailəsinə təqdim edildi.
Təltifi qəbul edən şəhidin ailəsi hərbiçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.