17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi
İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə rayon tədbiri keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Bildirdi ki, əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olmuş, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edilmiş, bir sıra sərəncamlar və qərarlar verilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır.
Tədbirdə “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev, həkim-pediatr Etibar Həşimov və digər çıxış edənlər ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə, yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın, tibbi profilaktik işlərin aparılmasında fəal iştirakına görə və 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edildi.