Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirildi

08 may 2021 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən Azərbaycan Xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin, rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və YAP ərazi ilk təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn konfrans keçirildi.
Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, YAP rayon təşkilatının sədri Cəlil Baxşıyev “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır” mövzusunda geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu gün anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna yeri var. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı kimi dövlətçilik tariximizdə misilsiz xidmətləri, müstəsna rolu olduqca yüksək qiymətləndirilir, böyük dövlət xadimi hər zaman  xüsusi hörmət və ehtiramla yad edilir.
İnkaredilməz həqiqətdir ki, 34 il Heydər Əliyevin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək qorumaq imkanlarına malik olmuşdur. Sözün əsl mənasında, həmin 34 il xalqımızın ümummilli liderinin parlaq iradəsi və zəngin fəaliyyəti ilə tariximizə "Heydər Əliyev erası" kimi həkk olunmuşdur.
Həm sovet hakimiyyəti illərində, həm də Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyevin idarəetmə və quruculuq fəaliyyəti həmişə vahid sistem təşkil etmişdir. Onun idarəçilik, təşkilati və quruculuq fəaliyyətini bir-birindən ayırmaq mümkün deyildir. Onun siyasi rəhbərlik sahəsində zəngin təcrübəsi deməyə tam əsas verir ki, Heydər Əliyevdən ötrü dövləti idarə etmək ilk növbədə ətaləti, köhnəliyi, yaxud köhnəlməkdə olan hər şeyi ardıcıl, məqsədyönlü, ağıllı və elmi əsaslandırılmış şəkildə aradan qaldırmaq və yenini perspektiv, mütərəqqi olanı təsdiq etmək zərurətidir.
1969-cu ilin iyulunda Heydər Əliyev respublika rəhbərliyinə gələndə çox az adam bilirdi ki, Azərbaycanda yeni bir tarixin təməli qoyulur. Ölkə işıqlı, perspektivli bir yola qədəm qoyur. Aydın nitqi, xalqla səmimi ünsiyyəti, tükənməz enerjisi, çıxış və qərarlarındakı qətiyyət Heydər Əliyevi tezliklə insanların gözündə əsil rəhbərə çevirdi. Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşqun ruh gətirdi. Bütün sahələrdə canlanma başladı.
Respublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə paralel aparılırdı. O illər Azərbaycanın tarixinə mədəniyyətin də tərəqqi dövrü kimi daxil oldu.
Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri əsasında demokratik hüquqi dövlət quruculuğu strategiyasını və milli inkişaf konsepsiyasını praktiki şəkildə böyük məharətlə gerçəkləşdirən Ulu  Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanı tənəzzül edən respublikadan tərəqqi edən respublikaya çevirdi. 1970-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44 faiz, milli gəlirin ümumi həcmi isə 39 faiz artmışdır. Bu illərdə 77 müəssisə, 782 istehsal sahəsi kompleks halda mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. 1970-1980-cı illərdə ümumilikdə 125 yeni dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Neftayırma sənayesinin yenidən qurulmasına və modernləşdirilməsinə başlanılmışdır.
Həmin illərdə Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə inqilabi dəyişiklərə gətirib çıxardı. Azərbaycan aqrar ölkə statusu ilə vidalaşıb sənayeləşmiş respublikaya çevrildi. Ümumiyyətlə, 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrü idi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün  əzəmətli quruculuq işlərinin ən böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.
XX əsrin sonlarına doğru istiqlaliyyətimizin bərpasına  gedən yol heç də asan olmadı. 1980-ci illərin axırı–1990-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanın getdikcə tənəzzülə uğramasına gətirib çıxartdı, ölkədə dərin böhran yarandı.
1990-cı ilin sentyabr ayında keçirilmiş seçkilər nəticəsində ətrafında Naxçıvan əhalisinin sıx birləşdiyi Heydər Əliyev Azərbaycan SSR-in Ali Sovetinə və Naxçıvan MSSR-in Ali Sovetinə deputat seçildi. Onun uzaqgörən, müdrik siyasəti xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi eləcə də 20 Yanvar hadisələrinə düzgün siyasi qiymət verdi.
O zaman Naxçıvan Muxtar Respublikasında həyata keçirilən demokratik tədbirlərin təsiri altında 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Аzərbаycаn Rеspublikаsının Qanunu ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Dövlət bayrağı kimi qəbul etdi. Göründüyü kimi, 1980-ci illərin sonunda Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli hissiyyatı, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır.
Müstəqilliyin ilk illərində Azərbaycanda özünü büruzə verən özbaşınalıq, hakimiyyətsizlik və iqtisadi böhran şəraitində xalqın qabaqcıl qüvvələrinin rəhbərliyi ilə ölkədə Qurtuluş hərəkatı başladı. Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edir və bütün ümidini Heydər Əliyevə bağlayırdı. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi.
Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatmışdı. Getdikcə anarxiyaya yuvarlanan Azərbaycan iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. Belə bir vəziyyətdə iqtidar əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin neçə-neçə nümayəndəsi Naxçıvana gedərək Heydər Əliyevdən Bakıya dönüb respublikaya rəhbərlik etməsini xahiş etmişdi. Azərbaycanın bütün guşələrindən Naxçıvana vurulan teleqramların, göndərilən məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan inadla xahiş edirdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İyunun 24-də Milli Məclis Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Heydər Əliyevə verdi. Ölkədə hərbi-siyasi böhran isə davam etməkdə idi. Bu siyasi vəziyyətdən faydalanıb hakimiyyətə can atan separatçı qüvvələr də vardı. Ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalanaraq, qətiyyətli və düzgün qərarları ilə Azərbaycan xalqını bu bəlalardan xilas etdi.
1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkiləri respublikamız üçün, həqiqətən, tarixi hadisəyə çevrildi, xalqımızın iradəsini parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan xalqı görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.
Heydər Əliyev, həqiqətən də, Vətəni üçün hər cür fədakarlığa hazır idi və Azərbaycanı yalnız bu böyüklük, bu qətiyyət, bu fədakarlıq xilas edə bilərdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
On illiklər ötməsinə baxmayaraq, o dövrün tablosunu cızmaq həmin proseslərin bilavasitə iştirakçısı olanlar üçün çətin deyil. Ümidi və inamı qırılmış xalq, repressiyaya məruz qalmış ziyalı ordusu, bərbad vəziyyətə salınmış iqtisadiyyat, elm, təhsil, səhiyyə, qanunsuz silahlı birləşmələr, separatizm, torpaqların işğal olunması – bir sözlə, ölkəni bürümüş xaos və anarxiya. Heydər Əliyev Azərbaycanı məhz bu vəziyyətdə qəbul etdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı.
1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmənin qarşısı alındı, iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Qısa zaman ərzində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
Azərbaycanın indiki qarışıq, təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerinin, onun strateji əhəmiyyətinin düzgün müəyyən edilməsi də mühüm və vacib məsələlərdən idi. Bütün bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün müasir dünyadakı hadisələrin siyasi gedişini dərindən bilmək və mövcud şəraiti düzgün qiymətləndirmək, nəticə çıxarmaq bacarığı tələb olunurdu. Heydər Əliyev təcrübəli dövlət başçısı və bacarıqlı  siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldi.
Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımızın inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə  əhatə olunan  mədəniyyətimizin inkişafına, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, dahi filosofun, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev son 17 ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib gəldi.
İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. Qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və  xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə, işğaldan azad olunan ərazilərdə viran qoyulmuş kənd və şəhərlərimizin yenidən bərpa olunmasına  xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla  həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Xalqla iqtidar birliyi gündən-günə möhkəmlənir. Cənab Prezidentin artıq işğaldan azad edilmiş rayonlarımıza səfərləri, bir sıra mühüm obyektlərin təməlini atması, yol çəkilişləri ilə bağlı imzaladığı sərəncamlar, elektrik xətlərinin çəkilməsi və digər sahələr üzrə infrastrukturun bərpa edilməsi istiqamətində görülən işlər təsdiq edir ki, Qarabağa böyük qayıdışa artıq start verilmişdir.
Konfransda eyni zamanda “Heydər Əliyevin milli-mənəvi quruculuq siyasəti” mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasovun, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqovun, “Azərbaycançılıq məfkurəsi və Azərbaycan dili” mövzusunda Günəşli kənd tam orta məktəbinin müəllimi, YAP rayon təşkilatının Gənclər Birliyinin üzvü Nuranə Hüseynovanın məruzələri dinlənildi.
Yekun sözü ilə çıxış edən icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən C.Baxşıyev  bildirdi ki, bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi, dövlətçilik konsepsiyası və ənənələri indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.

Keçidlər