Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi
15 aprel 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.
Konfransdan öncə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzdülər.
Daha sonra Vətən müharibəsi şəhidlərinin, həmçinin dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açaraq qeyd etdi ki, rayona rəhbərlik etdiyim illər ərzində həmişə ağsaqqallarla görüşüb istək və təkliflərini dinləmişəm, onlarla fikir mübadiləsi apararaq faydalı məsləhətlərini işimdə tətbiq etmişəm. Elə ona görə də rayonumuzda aparılan quruculuq və abadlıq işlərində, sosial, mədəni sahələrdə uğurlarımızın sayı çox olmuşdur. Bildirildi ki, ulu öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğuladı ki, Ağsaqqallar Şurasının bu günkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Onlarla qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin Lerik ictimaiyyətinə və konfrans iştirakçılarına salamlarını çatdırdı. O daha sonra bildirdi ki, əvvəlki iş fəaliyyətimlə əlaqədar olaraq Lerikə dəfələrlə səfər etmişəm və şadam ki, bu gündə uzunömürlülər diyarının ağsaqqal və ağbircəkləri ilə yenidən bir aradayam. Təbiətiniz qədər insanlarınız da mənəvi gözəlliyə malikdir. Hər dəfə bu yerlərə gələndə yeni quruculuq, abadlıq işləri görür, bu dağlar qoynunda qərar tutan Lerikin gündən-günə gözəlləşdiyinin şahidi oluram. Əlbəttə ki, bu cür dağ vüqarlı, zəhmətkeş insanların qızıl əlləri ilə dağı dağ üstünə qoymaq olar.
Elmira xanım Süleymanova çıxışına davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açdı. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verdi, tövsiyələrini çatdırdı, yeni seçiləcək heyətə uğurlar arzuladı.
Konfransda lerikli ağsaqqallardan Hidayət Bəşirov, Zakir Vəliyev, xanımlardan Gültəkin Şıxəliyev və Dilarə Haşımova çıxış etdi. Sonra təşkilati məsələlərə baxıldı.
Uzun müddət rayonun ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Elxan Mehdi oğlu Qənbərov Lerik Rayon Ağsaqqallar şurasının sədri seçildi. Konfransda həmçinin yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı.