Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi
Qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsini leriklilər daim anırlar.
26 fevral 2021-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla Xocalı soyqırımı faciəsi qurbanlarına ehtiramlarını bildirmək üçün “Şəhidlər” abidə kompleksinin önündə tər çiçəklər düzməklə hörmətlə xatirələrini yad etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq onlayn videokonfrans keçirildi.
Videokonfransda rayon icra hakimiyyətinin başçısı R.Bağırov çıxış edərək bildirdi ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımıdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən qanlı gecədə azğınlaşmış ermənilər keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum edərək dəhşətli terror aktı törətdilər. Cəmi 5 saat ərzində qədim Xocalı yer üzündən silinərək əhalisi dəhşətli soyqırıma məruz qaldı. Həmin qanlı gecədə Xocalı sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 487 nəfər ömürlük şikəst oldu, 6 ailə bütövlüklə məhv edildi, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirdi. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdılar.
Ötən ilin 27 sentyabrında ölkə Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən qüvvələrinin məhv edilərək ağır məğlubiyyətə uğradılması isə böyük tarixi həqiqətin bərpa edilməsi, həm də Xocalı faciəsi və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən digər qətliam qurbanlarının qisasının alınması ilə yaddaşlarda qalacaq.
Müzəffər Azərbaycan ordusu qısa müddətdə, cəmi 44 gün ərzində mənfur düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə, ona layiq olduğu yeri göstərdi. Bu gün qəhrəman əsgər və zabitlərimiz həmin torpaqlarda dalğalanan müqəddəs bayrağımızı şərəflə qoruyurlar. Bu gün Xocalı şəhidlərinin, ümumiyyətlə, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.
Sonra videokonfransda rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, tarixçi Hüseynbala Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək Xocalı faciəsinin dünya soyqrımları ilə bir sırada dayanan, Erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktı kimi qiymətləndirdilər.