Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi: Laçın rayonu da işğaldan azad edildi

03 dekabr 2020 | 16:00

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Beləliklə, Azərbaycan Respublikası özünün ayrılmaz tərkib hissəsi olan Laçın rayonunu da əlavə hər hansı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bununla da, Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dekabrın 1-də xalqa növbəti dəfə müraciət etmişdir.
Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Vətən müharibəsinin 44 günü ərzində (sentyabrın 27-dən noyabrın 9-dək) Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonunun bütün ərazilərini, Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 30-dan çox kəndini, həmçinin Tərtər, Xocalı və Laçın rayonlarının bir sıra kəndləri hərbi yolla işğaldan azad edildi, düşmən darmadağın edildi və nəticədə, Ermənistan dərin böhrana salındı. Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir. Cənab Prezidentin dediyi kimi, artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikası: 53 tank əleyhinə vasitə, 4 “Smerç”, 97 “Qrad”, 2 “Uraqan”, 1 yaylım-atəş reaktiv sistemi, 1 “TOS” odsaçan qurğu, “S-300” zenit-raket komplekslərinin 7 atıcı qurğusu, 1 radiolokatoru və 2 aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi, 14 “Zastava”, 2 “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatı, 2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələrinə aid qurğu, 2 “R-142” komanda-qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radiotexniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank, 69 piyadaların döyüş maşını, 5 “Su-25” təyyarəsi, 252 yük avtomobili və s.
Bundan əlavə, 5 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 37 müxtəlif çaplı top, 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan, 10 traktor, 5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah, 79 tank, 47 piyadaların döyüş maşını, 270 yük avtomobili hərbi qənimət kimi götürülüb.
Azərbaycan tərəfinə son 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız 5 rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan ölkəmizi iqtisadi, hərbi, diplomatik baxımdan gücləndirərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər, ümumiyyətlə, ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır. ATƏT-in Fakt araşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin qanunsuz yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
Prezident İlham Əliyev bildirmişdir: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı... Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır... İşğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi”.
Prezident İlham Əliyev müraciətində həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq. Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev demişdir: “Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq... Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”.
Laçın rayonu Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-yə üzv qəbul edildikdən cəmi 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan “erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından”, “digər rayonlardan geri çəkilməsi” tələbi birbaşa Laçına aid idi. Prezident İlham Əliyevin dediyi kimi, Laçının işğaldan azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi: “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, bir çox başqaları üçün də, kağız parçası idi”.
Laçın rayonu 1924-cü ildə təsis edilib. Ərazisi 1,84 min km²-dir, işğaldan əvvəl əhalisi 65430 nəfər olmuşdur. Laçın rayonunda, 1 şəhər, 1 qəsəbə və 125 kənd olmaqla, cəmi 127 yaşayış məntəqəsi var idi. Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir valideynini, o cümlədən 31 nəfəri hər iki valideynini itirmişdir. İşğaldan əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi. İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə, 80 mindən çoxdur, laçınlılar hazırda respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Cənab Prezidentin bildirdiyi kimi, laçınlıları, ümumiyyətlə, bütün keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma torpaqlarında qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən və Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Rayonun ərazisi dağlıqdır, şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.
Rayonun tanınmış şəxslərindən XVIII əsrdə yaşamış Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəyi, Sarı Aşığı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, sonradan Qarabağın general-qubernatoru təyin edilmiş Xosrovpaşa bəy Sultanovu, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasovu, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil naziri olmuş Nurməmməd bəy Adilxan oğlu Şahsuvarovu və başqalarını göstərmək olar.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər