Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir

27 noyabr 2020 | 16:00

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad olundu.   Beləliklə, Azərbaycan Respublikası özünün ayrılmaz tərkib hissəsi olan Kəlbəcər rayonunu da əlavə hər hansı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Qarabağ bölgəsindəki digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdam, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcərin işğaldan azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Kəlbəcər rayonu 1993-cü il mart ayının sonlarından düşmənin güclü hücumlarına məruz qalaraq mühasirəyə düşmüşdü. Gərgin döyüşlərdən sonra rayonun 60 min sakini təxliyə edilmişdi. Kəlbəcər 1993-cü il aprelin 2-3-də Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Kəlbəcər rayonunda, 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla, cəmi 147 yaşayış məntəqəsi var idi. Rayonun işğalından etibarən kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37852 hektar meşə sahəsi ermənilər tərəfindən onların həmin ərazidən çıxarıldığı son anadək talan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə noyabrın 25-də xalqa müraciətində bildirdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Bu, Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı. 1992-1993-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətində təmsil olunanların obrazı kollektiv Paşinyandır: savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Paşinyanın addımlarına baxıb onun simasında ovaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər:
- ovaxtkı hakimiyyətdə parlamentin sədri olmuş şəxs uğursuz kiçik elmi işçi idi;
- dövlət katibi komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adamdır;
- xarici işlər naziri heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi idi, ümumiyyətlə, xarici münasibətlərin mahiyyətini başa düşmədən xaricə turist kimi səfərlər edir və qeyri-adekvat açıqlamalar verirdi;
- müdafiə naziri riyaziyyat müəllimi idi, məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi;
- ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi;
- daxili işlər naziri canlı efirdə quldurluq edir, jurnalistləri həbs edir, döyür, maşınların yük yerinə atırdı.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Prezident İlham Əliyev bildirmişdir: “Vətən xainlərinin satdığı Şuşanı biz qaytarmışıq”.
Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan “sakin” erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Kəlbəcər işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - Qafqaz Albaniyasının tarixi irsini də təqdim edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçi”ləri və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürüdür”.
Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvəgözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.
İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Bəli, Ermənistan məğlub edilmiş ölkə, Azərbaycan isə zəfər çalmış ölkədir!
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər