Ağdamın işğaldan azad edilməsi Şanlı Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığın nəticəsidir
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu işğaldan azad olundu. Beləliklə, Azərbaycan Respublikası özünün ayrılmaz tərkib hissəsi olan Ağdam rayonunu əlavə hər hansı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciət etmişdir. Cənab Prezident bu əlamətdar hadisə münasibətilə xalqımızı, o cümlədən ağdamlıları təbrik edərək bildirmişdir ki: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdam rayonu 1930-cu ildə Azərbaycanda aparılmış yeni inzibati ərazi bölgüsü nəticəsində yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i - 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. İşğala qədər rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.
Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Cənab Prezidentin göstərişi ilə Ağdam rayonunun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını qanunsuz dəyişərək “Akna” qoymuş, rayonun işğal edilmiş ərazilərində 360 nəfər qeyri-qanuni olaraq daimi məskunlaşdırılmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş ətraf rayonlar da bu qondarma quruma aid edilmişdir. Cənab Prezident İlham Əliyevin demişdir: “İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur!”
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, 2 dəmir yolu vağzalı və aeroport, Üzeyir Hacıbəyli adına Musiqi Texnikumu, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, mineralogiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında “Qarabağ” futbol klubunun ölkəmizi UEFA Çempionlar Liqasında və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var. Təəssüf ki, işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.
Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix-Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Primovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdamda “İmarət” deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşi əməllər həm də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan da bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.
Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Prezident İlham Əliyev müraciətində bildirmişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var...Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək...İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.
Bəli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.
Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə - “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.
Prezident İlham Əliyev bildirmişdir: “Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girsin. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa...Ermənistanı bu günə salan qonşulara nifrət tərbiyəsinin, təbliğatının davam etməsi, qonşularla normal münasibət qura bilməməsi, Azərbaycana, Türkiyəyə ərazi iddialarıdır... Ermənistan İran üzərindən silahları gətirə bilməyib, çünki İran bizim dost, qardaş ölkəmizdir. İran Azərbaycanın xahişini nəzərə alaraq öz hava məkanını bağlayıb. Ermənistan Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib”.
Cənab Prezident vurğulamışdır ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Dağlıq Qarabağda yaşayan ermənilər üçün yeganə yol Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamaqdır.
Dövlətimizin başçısı müraciətində həmçinin bildirmişdir ki, Dağlıq Qarabağdan 90 min erməni qaçması xəbəri yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Azərbaycan kəşfiyyatı bölgəyə tam hakimdir: “Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir...Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o bizim günahımız deyil”.
Ermənistanda repressiya baş alıb gedir. Ermənistanda gündə hansısa müxalifət lideri tamamilə əsassız həbs olunur. Heç bir Qərb ölkəsi, insan hüquqlarını qorumaqla məşğul olan heç bir təşkilat buna reaksiya vermir. Cənab Prezident bildirmişdir: “Azərbaycana xor gözlə baxan, qaralamağa çalışan, Avropa Şurası haradadır, niyə susur? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susur... Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur. Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var. Azərbaycanın gücü milli birlikdədir”.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Təkcə rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur. Prezident öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.
Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Şanlı Azərbaycan Ordusuna eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!