Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid ailələrinə, qazilərə, məcburi köçkünlərə dövlət qayğısı, Qarabağa qayıdış və görüləcək quruculuq işləri

14 noyabr 2020 | 16:00

Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, işğal dövründə yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmən işğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc etmiş, işğal edilmiş ərazilərin adlarını dəyişdirmişdi. Onlar xaricdən erməniləri yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər. 44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək.
Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün hazırda araşdırmalar aparılır, bu prosesə beynəlxalq ekspertlər dəvət ediləcək. Ermənistan həm fərdi qaydada, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər.
Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq. Azad olunmuş torpaqların təhlükəsizliyin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb ediləcək. Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək.
“Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır. İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər.  Azərbaycan əsgər və zabitləri öz qəhrəmanlığı sayəsində məcburi köçkünləri öz doğma dədə-baba torpaqlarına qaytarırlar. Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək.
Bütün yaralı əsgər və zabitlər sağaldılacaq, onların normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq.
Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək.
Döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək. Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə yeni təsis edilmiş orden və medallar veriləcək. Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək xüsusi yerdə nümayiş etdiriləcək.
Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir.
Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Beləliklə, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Keçidlər