Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Ordusunun rəşadəti hesabına Azərbaycana qarşı beynəlxalq təzyiqlər dəf edildi

14 noyabr 2020 | 16:00

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır.
Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar.
Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Prezident İlham Əliyev hər dəfə bəyan edirdi ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Qlobal məsələlərlə bir-birinə qarşı daim antaqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda, ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı.  Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq, həmsədrlər “Münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “Münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.
Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Lakin Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu.
Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu. Azərbaycanda güclü Prezident-Xalq-Ordu vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərinə mətinliklə dəf etdiyini aydın göstərir.
Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi. Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutub. Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq”. Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri arasında imzalanmış atəşkəsə birgə nəzarət mərkəzinin yaradılması haqqında 5 maddədən ibarət Memorandum imzalanıb. Rusiyanın bölgədə olması bu günün labüd şərtidir. Amma Rusiya tərəfi Azərbaycana xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların yaşadığı, tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etmişdir.

Keçidlər