Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında 2013-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir

25 aprel 2013 | 15:00

İclasda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlərə dair məruzə etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə mühüm nailiyyətlər əldə edilmişdir. İqtisadi və siyasi uğurlarımızla yanaşı, idman, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə də nailiyyətlər əldə edilmiş, Azərbaycan beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə nail olmuşdur. Ölkəmiz bir sıra beynəlxalq forumlara, dünya çempionatlarına və ayrı-ayrı dövlətlərin tanınmış siyasi xadimlərinin, elm adamlarının iştirakı ilə keçirilən bir çox mühüm əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmişdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonda uğurla icra edilir. Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3451, o cümlədən cari ildə 270 yeni iş yeri, ümumilikdə isə 2004-2012-ci illər ərzində 8197 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
       2006-cı ildə Lerik şəhəri və 2011-2013-ci illərdə isə digər 14 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Hal-hazırda rayonun 25 kəndinə qaz xətləri çəkilir.
       Lerik şəhərinin küçə və yollarında asfalt örtüyü salınmış, yeni müasir işıqlanma sistemləri qurulmuşdur. İ.Yaqubov, E.Qarayev küçələrində, Lənkəran-Lerik yolunun 54-56-cı km-də, Lerik-Kəlvəz yolunun avtovağzal hissəsindən keçən ərazisində yenidənqurma işləri aparılır, istinad divarları hörülür, səkilər quraşdırılır. Şəhərdə eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evinin inşasında son tamamlanma işləri aparılır.
       Rayon baytarlıq idarəsi üçün yeni inzibati bina, Rvarud kəndində sahə baytarlıq məntəqəsi, Lerik şəhərində 6 saylı vergilər idarəsi üçün kompüter terminalı, rayon statistika idarəsi üçün inzibati idarə binası, Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan kəndində həkim məntəqəsi inşa edilərək istifadəyə verilmiş, rayon icra hakimiyyətinin daxili imkanları hesabına Lerik şəhər uşaq bağçasının əsaslı təmirində son tamamlanma işləri aparılır.
       Rayon üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir. Elektron ATS-lərin quraşdırılması rayon əhalisinin sürətli internet xidmətindən istifadəsini asanlaşdırmışdır.
      Rayonda 18 ümumtəhsil məktəbi əsaslı təmir edilmiş, 7 məktəb inşa edilmiş, 8 məktəbin tikintisində işlər davam etdirilir. 2013-cü il üçün rayonda daha altı məktəbin tikintisi, iki məktəbin isə əsaslı təmiri edilməsinə görə texniki işlər həyata keçirilir.
      Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisində işlər sürətlə aparılır, artıq 8,6 km yol asfaltlaşdırılmışdır. Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına əsasən əhalinin daha çox istifadə etdiyi və sıx yaşadığı 36 km-lik 50-ci km-Xanagah yolu barədə də ilkin məlumatlar toplanmış, qüsur aktı, smeta sənədləri hazırlanmışdır. Bütün sənədlər müvafiq qərar qəbul edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə təqdim edilmişdir.
      Rayon icra hakimiyyətinin və kənd sakinlərinin maliyyə dəstəyi ilə Lərmərud-Masallı, Əliabad-Ağcay, Piran-Bürsülüm, Piran-Hamarat, Hamarat-Vıjaker, 27-ci km-Tikəband kənddaxili yolları təmir edilmişdir. Bürsülüm ərazisində əhalinin çoxsaylı müraciətləri nəzərə alınarq çay üzərində, iki istiqamətdə körpü inşa edilmişdir.
       Lənkəran-Lerik yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində yeni turizm istirahət əyləncə mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilmiş və bu sahədə iş davam etdirilir.
       Lənkəran-Lerik yolunun 37-ci km-də çörək sexi tikilib istifadəyə verilmiş, müəssisədə ilkin olaraq 6 nəfər daimi işlə təmin edilmiş, 4 adda istehsal olunan keyfiyyətli çörək məhsulları satışa çıxarılmışdır. Ərazidə süfrə suyu və şirə sexi istehsal edən müəssisənin tikintisində iş davam etdirilir. Lerik şəhərində iş adamları tərəfindən hər cür şəraiti olan yeni bazar inşa edilmişdir.
       Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial problemlərinin həll edilməsi daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Molalan kəndində Qarabağ müharibəsi əlili üçün yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan daha 6 Qarabağ müharibəsi əlilləri müəyyən edilmiş və fərdi yaşayış evinin tikintisi üçün tələb olunan ilkin sənədlər hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.
      Lerik şəhərində inşası 2011-ci ildə başlayan 17 MQVAAT-lıq elektrik stansiyasının tikintisində işlər sürətlə davam etdirilir. Lerik-Yardımlı 35 kv-luq yüksək gərginlikli elektrik hava xətti inşa edilmiş, Lerik-lənkəran elektrik hava xəttinin tikintisi üçün texniki işlər həayata keçirilir.
      Daxili imkanlar hesabına 8 kənddə, “Azərsu”ASC tərəfindən isə 2011-ci ildə Gürdəsər, Soru və Zenoni kəndlərində artezian quyuları qazılmışdır. Gürdəsər kəndində evlərə su xətinin çəkilməsii ilə bağlı 2011-ci ildə tikinti işlərinə başlanılmışdır. 19 km-lik Qosmalian-Lerik su xəttinin çəkilişində qızğın tikinti işləri aparılır, şəhər daxili su xətləri çəkilir, kanalizasiya sistemi qurulur, su anbarları inşa edilir.
       Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 10 min ədəddən çox müxtəlif növ ağac və kollar, rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən isə minlərlə müxtəlif növ ağaclar əkilmiş, yeni meşə zolaqlarında əkin işləri aparılmışdır.
       İclasda rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, “Kapital Bank”ın rayon filialının müdiri İlham Dadiyev, rayon su-kanal sahəsinin rəisi Asif İmanov çıxış edərək ayrı-ayrı sahələr üzrə rayonda görülmüş işlər haqqında ətraflı danışmışlar.
       Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 

Keçidlər