Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır

22 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 oktyabr tarixində xalqa müraciəti zamanı bildirdi ki, Azərbaycan ordusunun qələbə marşı davam edir. 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.
Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır.
Ermənistanın özününküləşdirmə siyasətinə son qoyulur. Rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə artıq son qoyulur. Belə ki, işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verildi. Artıq həmin kənd Çinarlı adlanılır. İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib. Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir
Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.

Keçidlər