Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilmişdir

18 aprel 2013 | 15:00

 2013-cü il aprelin 17-də Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilmişdir. Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, YAP Lerik rayon təşkilatının Qadınlar Şurası öz sıralarında 559 nəfər partiya üzvünü birləşdirir. Təşkilat ötən illər ərzində rayonda qadınlarla işin təşkili, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra məqsədyönlü işlər görmüşdür. Qadınların, əsasən də gənclərin iştirakı ilə dəyirmi masalar, diskussiyalar və digər kütləvi tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə, yığıncaqlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin qadınlara verdiyi yüksək qiymət və onların cəmiyyətin inkişafında danılmaz rolu xüsusi vurğulanmışdır.
      Tədbirdə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Lerik şəhər 3 saylı tam orta məktəbinin müəllimi Lütfiyyə Vəliyeva, Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçisi Turac Nəzərova çıxış edərək ölkəmizdə qadınlara verilən geniş hüquqlardan, onlara göstərilən dövlət qayğısından, qadınların cəmiyyətdə yeri və rolundan, rayonun ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən danışmışlar.
      YAP rayon təşkilatının sədri Elxan Qənbərov bildirmişdir ki, öz ətrafında ümummilli lider Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir. Natiq qazanılan uğurlarda partiyanın sədri, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.
      Konfransda təşkilati məsələlərə baxılmış, şuranın yeni tərkibi müəyyən edilmiş, idarə heyəti seçilmişdir. Arzu Vəliməmmədova yenidən YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının sədri seçilmişdir. Həmçinin sədrin müavinləri və YAP Qadınlar Şurasının konfransına nümayəndələr seçilmişdir.
      Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 

Keçidlər