Azərbaycanda milli və siyasi həmrəyliyin parlaq göstəricisi
Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Bu bəyanat təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin əyani təcəssümüdür. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi bu gün ölkə siyasətçilərini sıx birləşdirmişdir.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Qeyd olunur ki, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını xatırladan siyasi partiya rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına artıq son qoyulmasını qəti surətdə tələb edirlər.
Rəsmi İrəvanın bəyanatları, eləcə də yürüdülən təxribat siyasəti Ermənistanın daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Vurğulanır ki, Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Ermənistanın siyasi elitasının məsuliyyətsiz militarist bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi bu münaqişənin həllində Azərbaycan hökumətinin və Azərbaycan ictimaiyyətinin ədalətli və məsuliyyətli mövqe nümayiş etdirməsindən xəbər verir.
Bəyanatda həmçinin qeyd olunur ki, atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar sülhü və beynəlxalq hüququ rədd edən Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
Bəli, Azərbaycanın siyasi partiyalarının, vətəndaş cəmiyyətinin nümayəndələri, bütün Azərbaycan xalqı yekdilliklə Azərbaycan Prezidentin yanındadır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına və onun mövqeyini qəti şəkildə dəstəklədiklərinə dair bəyanatları ölkəmizdə milli və siyasi həmrəyliyin parlaq göstəricisidir, cəmiyyətdə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat həm də ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Çünki Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.