Ölkə ərazisində hərbi vəziyyətin elan olunması Xalq-Dövlət-Ordu birliyinin təcəssümüdür
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğu, nəticədə, mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olduğu, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndi və 111-ci maddəsi rəhbər tutularaq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Konstitusiyanın 95-ci maddəsinin 8-ci bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin Fərman təsdiq edilmişdir.
Konstitusiyanın 109-cu maddəsinin 25-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasının və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır.
Ölkə ərazisində hərbi vəziyyətin elan olunması təkcə dövlətimizin yüksək hərbi hazırlığından xəbər vermir, həmin Fərman, ilk növbədə, Xalq-Dövlət-Ordu birliyinə işarə edir.
Hələ iyul döyüşləri zamanı on minlərlə ehtiyatda olan hərbi vəzifəli vətəndaş müvafiq dövlət orqanlarına könüllü şəkildə müraciət edərək, səfərbərlik elan olunacağı halda, hərbi xidmətə göndərilməsini xahiş etmişdi. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq, bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Bu baxımdan, ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır, yəni bu akt heç də militarist ritorikanın deyil, məhz erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu, Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
Bəli, artıq seçim edilib, siyasi qərar qəbul olunub. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz qəti seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.