Qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş gənclərlə görüş keçirildi
Sentyabrın 25-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş Lerik rayonundan olan gənclərlə görüşü keçirildi.
Rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanmış gəncləri və onların müəllimlərini yüksək nəticəyə görə təbrik edərək bildirdi ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır. Bu il dünyanı bürümüş pandemiya ilə əlaqədar mart ayından əyani tədris prosesi dayandırıldı, onlayn təhsilə keçirildi. Bu həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, builki qəbul göstəriciləri də bizi çox sevindirir. Belə şəraitdə yüksək bal toplayaraq ali təhsil müəssisələrə daxil olan gənclərlə görüş keçirməyə çox böyük əhəmiyyət veririk. Yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu il Monidigah kənd tam orta məktəbinin məzununun yüksək göstərici nümayiş etdirməsi xüsusilə təqdirəlayiqdir. Bu, rayonun digər təhsil müəssisələri üçün də nümunə olmalıdır.
Azərbaycan dövləti gənclərin inkişafına, onların təhsilinə daim xüsusi qayğı göstərmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirmişdir. Prezident cənab İlham Əliyev də ulu öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir, onun rəhbərliyi altında ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Bu il ali təhsil müəssisələrinə qəbul planının, xüsusilə də dövlət sifarişli yerlərin daha da artırılması gənclərin ali təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitin bariz nümunəsidir.
Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində son illər rayonumuzda 50-dən çox yeni məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunmuşdur. Son vaxtlarda 2 məktəb binası tikilmiş, 10 modul tipli məktəb binası quraşdırılmışdır. Boykəndil kənd tam orta məktəbi üçün 180 şagird yerlik binanın inşası 2020-ci ilin iyun–avqust aylarında başa çatdırılmışdır. Hazırda bir sıra məktəblər üçün yeni binaların tikintisi, habelə bir çoxunda təmir-bərpa işləri davam etdirilir. Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın binası əsaslı təmir edilmişdır və bu təhsil müəssisəsi üçün yataqxana tikilir.
Görüşdə Monidigah kənd tam orta məktəbinin məzunu, 633 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Rəvan Vəliyev, Veri kənd tam orta məktəbinin məzunu, 623 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş Samir Zeynalov, Züvüc kənd tam orta məktəbinin məzunu, 596 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Ziyəddin Şahmarlı, Lüləkəran kənd tam orta məktəbinin məzunu, 588 balla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyasına qəbul olunmuş Elmir Fərəcov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin məzunu, 551 balla universitetə qəbul olunmuş Ruslan Rəhimov, Veri kənd tam orta məktəbinin məzunu, 548 balla universitetə qəbul olunmuş Qurbanəli Miriyev, Lerik şəhər 3 saylı tam orta məktəbinin məzunu, 532 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Raul Cəfərzadə, Şingədulan kənd tam orta məktəbinin məzunu, 528 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş Nihad Abbasov, Veri kənd tam orta məktəbinin məzunu, 523 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Elmir Quluzadə çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə etdilər.
Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev və Monidigah kənd tam orta məktəbinin direktoru Şöyüb Babayev çıxış edərək gənclərin intellektual inkişafına, təhsil sahəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, ali məktəblərə daxil olan gənclərə uğurlar arzuladılar.
Rayon icra hakimiyyətinin başçısı respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərə qiymətli hədiyyələr təqdim etdi.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bir daha təbriklərini çatdırdı, təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.