Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi fəaliyyətə başladı
2020-ci il sentyabrın 24-də Lerik Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyinin fəaliyyətə başlaması münasibətilə videokonfrans formatında açılış mərasimi keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri, rayon gəncləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova açılış münasibətilə rayon gənclərini təbrik etdilər, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışdılar. Vurğulandı ki, “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 oktyabr tarixli 1454 nömrəli Sərəncamı ilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Bu nümayəndəliklərdə regionlarda yaşayan istedadlı, ictimai və sosial sahələrdə fəal olan, ali təhsilli gənclər təmsil olunurlar. Mərkəzlərin ali məqsədi gənclərimizin hərtərəfli inkişafıdır. Nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğuladılar, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət etdilər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlar üzrə koordinatoru Qulamhüseyn Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru Rəsul Həşimov Mərkəz və onun şəhər və rayon nümayəndəliklərinin fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Açılış mərasimində regionlarda yaradılan mərkəzlərin fəaliyyətini əks etdirən videoçarx təqdim olundu, tədbir təlim xarakterli oyunlarla davam etdirildi.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi virtual şəkildə mərkəzin imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.