Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə vermişdir. Müsahibədə o, ölkəmizin neft sənayesinin tarixi və indiki vəziyyətinə xüsusi diqqət yetirmişdir.
“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev SOCAR-da 9 il şirkətin birinci vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”.
İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır.
“Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
Prezident İlham Əliyev bildirmişdir ki, TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər.
“Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə, artır.
Müsahibədə Prezident İlham Əliyev neftçi əməyini yüksək qiymətləndirərək bildirmişdir ki, “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. “Abşeron”, “Qarabağ” və digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır. Prezident İlham Əliyev Neftçi Qurbanın – Qurban Abbasovun dünyada bir nömrəli neftçi olduğunu, Xoşbəxt Yusifzadənin əfsanəvi neftçi-geoloq kimi “Abşeron” yatağının işlənməsində çox böyük rol oynadığını bildirmişdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Bununla belə, Azərbaycan neft maqnatları, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmişlər. Tağıyev azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında xüsusi rol oynamışdır. O, görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına da kömək etmişdir. İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev, Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq, dağıstanlıların köçürülməsinin qarşısını almışdır.
Rusiya Federasiyasının ən çox qarışıq etnik tərkibə malik bölgəsi olan Dağıstanda 100-dən çox millətin nümayəndələri yaşayır, onların da yalnız 30-u yerli xalqdır. Dağıstanda yaşayan azərbaycanlılar da bu bölgənin qədim xalqlarındandır və digər etnik qruplarla birgə, eyni dövlətin tamhüquqlu vətəndaşları kimi, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu gün Azərbaycan Respublikasının Rusiya Federasiyasının bir subyekti olan Dağıstan Respublikası ilə münasibətlərində bu amil də mühüm rol oynayır. Mütəmadi olaraq Ermənistan mediasında Azərbaycan və Dağıstan xalqları arasında süni gərginlik yaratma meyilləri müşahidə olunsa da, bu cəhdlər tamamilə əbəsdir.
İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Bunun müqabilində Sovet İttifaqı Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoymuşdur. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycanın rolu lazımınca qiymətləndirilməmişdir. Sovet vaxtında Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bir çox rayonlarında qaz xətləri yox idi. Bu gün Azərbaycan dövləti hətta Sovet hökumətinin qaz xətti çəkmədiyi ucqar yaşayış məntəqələrinin də qazlaşdırmasını həyata keçirir. Ölkədə bugünkü qazlaşdırılmanın yüksək səviyyəsi dövlətimizin vətəndaşların rifahının yüksəldilməsinə olan xüsusi diqqətinin nəticəsidir.
Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur.
Prezident İlham Əliyev bildirmişdir ki, Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz-müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi.
Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.
Prezident İlham Əliyev ekoloji vəziyyətə diqqəti yönəldərək qeyd etmişdir ki, Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib. Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var. Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir.
Prezident İlham Əliyev bildirmişdir ki, Bakının bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. İki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Çar Rusiyası və sovet dövründə bu addımlar atılmayıb, sərvətlərimiz yalnız istismar edilib, insan amili nəzərə alınmayıb. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.
Bugünkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevrilir, vətəndaşlara xidmət edir. Prezidentin dediyi kimi: “Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”.