Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir

21 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirmişdir. Problemin illərlə uzanmasına səbəb olan, onun ədalətli həllini əngəlləyən obyektiv və subyektiv amillərə, həmçinin bəzi tarixi aspektlərə və Ermənistanın hazırkı rəhbərliyinin dinc danışıqları sıfırlayan təxribatçı və avantürist mövqeyinə yeni işıq saldı.
Dövlət başçısı diqqətə çatdırmışdır ki, Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız 1987-ci ildə, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosundan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilmişdir. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını yenidən kobud surətdə pozaraq 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-nin xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Arkadi Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi, erməni yanlısı A.Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. A.Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. A.Volskinin erməni separatizminə bu xidməti isə cavabsız qalmayıb. Erməni lobbisi onu Qarabağdakı anti-Azərbaycan fəaliyyətinə görə yaxşıca “mükafatlandırıb”. A.Voslkinin 1990–2005-ci illərdə Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsi də bu xüsusda təsadüfi deyildi.
“O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə olaraq, tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər”, – Prezident İlham Əliyev müsahibədə qeyd etmişdir.
Əlbəttə, Qarabağ ətrafında hadisələrin bu cür inkişaf tapmasında Azərbaycanın ozamankı rəhbərlərinin xəyanətkar mövqeyi də mühüm rol oynayıb. Xalqdan ayrı düşən, onun tələblərini ciddiyə almayan rəhbərlərin sonrakı taleyi bəllidir. Ərazilərimizin işğalında habelə Rusiya amilinin, sovet ordusunun Xankəndindəki 366-cı alayının rolu danılmazdır. Əsasən, erməni millətindən olan hərbçi və zabitlərdən təşkil olunmuş həmin alay soydaşlarımıza qarşı etnik təmizlənmə aparılmasında, Xocalı soyqırımının həyata keçirilməsində mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti müsahibədə təcavüzkar Ermənistanın eyni siyasəti indi də Nikol Paşinyanın timsalında davam etdirdiyinə diqqət yönəltmişdir. Bu siyasət isə həqiqətən, qonşu ölkəni uçuruma aparır. Paşinyanın iki il yarımlıq hakimiyyəti bunun bariz təsdiqidir. Gerçək belədir ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dediyi kimi: “Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb”.
Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk Qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir. Lakin əfsus ki, Azərbaycan tərəfinin bu xoşməramlı jesti İrəvanda yanlış dəyərləndirildi. Paşinyan Dağlıq Qarabağ məsələsində tənqid elədiyi sələflərindən fərqlənməyən bir kursa üstünlük verdi. Hətta daha irəli gedərək, Dağlıq Qarabağdakı oyuncaq rejimi nizamlama prosesinin üçüncü müstəqil tərəfi kimi danışıqlar masasına oturtmağa çalışdı, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” sərsəm bəyanatı ilə danışıqları tam mənasız hala gətirdi. Bunlar azmış kimi, bu ilin iyulunda dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribata əl atdı. Lakin düşmən layiqli cavabını aldı. Hərbi xarakterli böyük canlı və texniki itkilər verərək, geri çəkilməli oldu.
Ermənistan hakimiyyəti indi həmin məğlubiyyəti öz xalqına qələbə kimi qələmə verib daxili ictimai rəyi özünün uğursuz islahatları və boşa çıxan vədlərdən yayındırmağa çalışır. Halbuki Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər, eləcə də müstəqil hərbi ekspertlərin açıqlamaları Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Tovuz istiqamətində düşmən ölkə bir qarış da irəliləyə, heç bir strateji yüksəkliyi ələ keçirə bilməyib. Azərbaycan Prezidentinin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, məntiqlə bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir, ondan kömək umurdu?!
“Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır... Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?” – İlham Əliyev demişdir.
Prezident onu da qeyd etmişdir ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır. Paşinyan Soros rejiminin məhsuludur və bu gün Ermənistanda söz sahibi, əslində, elə Corc Sorosdur. Paşinyan komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumur. Ermənistanda bir jurnalist aclıq edib və həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Həmçinin orada iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyası liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Halbuki eyni təşkilatlar Azərbaycana qarşı mütəmadi şəkildə “ikili standartlar”dan çıxış edirlər...
Qarabağ məsələsinə gəlincə, Prezidentin qeyd elədiyi kimi, Paşinyanın təxribatları üzündən Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
Həmin təxribatlardan biri: Nikol Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək, Dağlıq Qarabağı müstəqil subyekt kimi tanıtmaq cəhdidir və Azərbaycan heç vaxt buna razı ola bilməz. Minsk Qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildiriblər.
Başqa bir təxribat Ermənistanın işğal edilmiş torpaqlarda süni məskunlaşdırma siyasəti aparmasıdır. Bu hərəkətlər bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Paşinyan rejimi isə bunu şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkməyə çalışırlar. Yada salaq ki, ATƏT-in fakt araşdırıcı missiyaları əvvəlki qanunsuz məskunlaşdırma faktları ilə bağlı hesabatlar yayaraq belə hərəkətlərin yolverilməzliyini vurğulayıb. Azərbaycan tərəfi bir daha beynəlxalq birliyin, mötəbər təşkilatların, o sırada ATƏT-in diqqətini işğalçı tərəfin həyata keçirdiyi qanunsuz məskunlaşdırmaya dair yeni faktlara yönəldir. Əvvəlki illərdə ATƏT-in fakt araşdırıcı missiyaları öz hesabatlarında işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz məskunlaşdırma tədbirləri ilə bağlı faktları göstərmişlər. Beynəlxalq təşkilatlar bu qanunsuzluqların davam etməsi, məskunlaşdırma tədbirləri ilə bağlı yeni faktlara biganə qalmamalıdırlar.
Paşinyan iqtidarının danışıqları heçə endirən digər təxribatı qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin qondarma “rəhbəri” üçün “andiçmə” mərasimi keçirməsi idi. Həmçinin düşmən tərəfinin ərazilərimizdə hərbi təlimlər keçirməsi də açıq təxribatdır. Nəhayət, sərhəddəki iyul təxribatı. Rəsmi İrəvan bu insidentə görə Azərbaycanı ittiham eləsə də, cəhdləri iflas olub. Dünya təxribatın arxasında Paşinyan hökumətinin durduğuna yəqinlik hasil edib. Hətta Minsk Qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi – Rusiya XİN başçısı Sergey Lavrov açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi, Azərbaycanın neft-qaz kəmərlərinin 15 km-də yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini ələ keçirmək üçün pozub. Bu təxribatın ardınca – avqust ayında erməni tərəfi daha bir təxribata əl atdı. Mülki vətəndaşlarımıza qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün ərazimizə diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu.
Cənab Prezidentin vurğuladığı kimi, bütün bunlarda məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Rəsmi Bakının bu təxribatlarla bağlı mövqeyi isə birmənalı və prinsipialdır. Prezident bəyan etdi ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. O, xüsusi qeyd etdi ki, Bakı imitasiya naminə danışıqlarda iştirak etməyəcək.
“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”, – deyə Prezident diqqətə çatdırdı.
Paşinyanın Azərbaycanın Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalı olması haqqında açıqlamaları onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. “Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. İndi baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir”, – deyə Prezident bildirmişdir.
“Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”, – bunu da Azərbaycanın dövlət başçısı söyləyib.
Ancaq reallıq belədir ki, Ermənistan sülhə deyil, yeni böyük müharibəyə hazırlaşır. Düşmənin təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi müşahidə edilir. KTMT-ni, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Gerçək budur ki, Ermənistan təcavüzkar dövlətdir, terrorizmə sponsorluq edən ölkədir. İşğal altındakı ərazilərimizə ASALA və PKK terrorçularının gətirilməsi barədə yayılan informasiyalar da təsdiqləyir ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyi olaraq qalır. O zaman Azərbaycan da beynəlxalq hüquqdan irəli gələn ən radikal addımlara əl atmaq haqqını özündə saxlayır.
Prezidentin bildirdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur... Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
Prezident İlham Əliyevin bu xəbərdarlığı həm də vasitəçi dövlətlərə, ələlxüsus Rusiyaya aydın bir mesajdır ki, işğalçı ölkəni nə qədər gec deyil, durdursunlar, onun rəhbərliyini ağla gətirsinlər. Xüsusən də elə bir vaxtda ki, Azərbaycan–Türkiyə hərbi ittifaqı və siyasi tandemi heç vaxt olmadığı qədər bölgədə vaz keçilməz güc faktoruna çevrilib.
Prezident İlham Əliyev Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Ermənistanın son təxribatçı hərəkətlərində Türkiyənin Azərbaycanı çox güclü şəkildə dəstəklədiyini, bunun növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürünü bildirmişdir: “Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.
Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək.
“Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Yəni, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil Ermənistan özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir. Əlbəttə, Ermənistan rəhbəri də yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər və bu, onları qorxuya salır. Hesab edirəm ki, onlar bu qorxudan psixoloji stress keçirirlər”, – deyə Prezident bildirmişdir.
Azərbaycan Prezidenti müsahibədə Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi, mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar vermişdir. Serbiya və Rusiya prezidentləri ilə də telefon söhbətinin olduğunu, onlara öz narahatlığını ifadə etdiyini vurğulayan Prezident Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədiyinə görə Gürcüstan hökumətinə təşəkkürünü bildirmişdir.
Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan–Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan–Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olduğunu, Ermənistanın isə BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verdiyini, ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olduğunu qeyd etmişdir.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycan ICESCO-da, İƏT-də fəal iş aparır, Azərbaycan Prezidenti beynəlxalq tribunalarda da islamofobiyaya qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmışdır. Azərbaycanı BMT-dən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. “Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin... Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?” – Prezident bildirmişdir.
Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
Prezident bir daha vurğulamışdır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində müvəqqəti olaraq Dağlıq Qarabağı itirmişik. Cənab Prezidentin dediyi kimi: “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.
“Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Prezident İlham Əliyevin bu sözləri İrəvandakı qaynar başlar üçün, nəhayət ki, “soyuq duş” effekti verməlidir. Əks halda, bu effekti Azərbaycan Ordusu yaradacaq. Həm də tezliklə. Prezidentin son müsahibəsindən düşmənə çatası əsas mesaj da elə budur...

Keçidlər