Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının sədrliyi ilə videokonfrans formatında iclas keçirildi.

17 iyun 2020 | 16:00

Rayon icra hakimiyyəti başçısının sədrliyi ilə  taxıl zəmilərində, biçilmiş otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğın hadisələrinin baş verməsinin qarşısının alınmasına dair rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərərgahın üzvlərinin və ərazi icra nümayəndələrinin iştirakı ilə videokonfrans formatında iclas keçirildi. Videkonfrans vasitəsi ilə keçirilən iclasda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, son günlər qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməməsi və digər səbəblərdən  biçilmiş otlaq sahələrində yanğın hadisələri baş verir. Qarşıdan gələn isti yay günlərində biçilmiş taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğınların baş verməməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət xüsusi qərargah yaradılmışdır. Burda iştirak edən hər bir qərargah üzvi,  biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını təmin etməlidirlər. Həmçinin rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması  tək yanğından mühafizə orqanları əməkdaşlarının deyil,  həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin - təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və ümumilikdə hər birimizin əsas vəzifəsidir.
        İclasda qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısının  birinci müavini Cəlil Baxşıyev, başçının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov, Lənkəran Regional Meşə Təsərrüfatının müdiri Fizuli Məmmədov,  Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Mahmud Zahidov, rayon dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisi İlkin İbrahimov, Lerik rayon polis şöbəsinin rəis müavini Müşviq Həsənov çıxış edərək, ot biçini və taxıl yığımı başlayan  vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri ilə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması  üçün kənd təsərrüfatı  işçiləri, vətəndaşlar arasında müvafiq maarifləndirmə işləri aparılmasının vacibliyini qeyd etdilər, bu istiqamətdə qarşıda duran vacib məsələləri diqqətə çatdırdılar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdilər.
Sonda  rayon icra hakimiyyətinin başçısı R.Bağırov iclasda iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırdı ki, qeyd olunan tələbləri pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada ciddi tədbirlər görsünlər.

Keçidlər