Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə qadınların konfransı keçirilmişdir

13 mart 2013 | 16:00

2013-cü il martın 12-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Lerik rayon qadınlarının konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açaraq bildirmişdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların həyatımızın bütün sahələrində fəallığı artmışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində ailələrin, qadınların və uşaqların həyat səviyyəsinin yüksəldilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. O cümlədən rayonumuzda bu sahədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu gün rayonumuzun ictimai-siyasi və mədəni həyatında qadınlar fəal iştirak edirlər.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova dövlət qadın siyasətinin həyata keçirilməsi, bu sahədə rayonda görülmüş işlər barədə məruzə etmişdir. Bildirmişdir ki, bütün respublikada olduğu kimi, Lerikdə də qadınlar dövlətin yaratdığı imkanlardan yararlanırlar. Rayon əhalisinin 50,2 faizini, yəni 39157 nəfərini qadınlar təşkil edir. Onlar icra və məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında, elm, təhsil, səhiyyə, mədəniyyət, biznes qurumlarında – bir sözlə, bütün sahələrdə təmsil olunurlar. Rayonda rəhbər vəzifələrdə işləyən qadınların sayı 26 nəfər, sahibkarlıqla məşğul olan qadınların sayı 21 nəfərdir. Bələdiyyə üzvü olan qadınların sayı 49 nəfərdir ki, onlardan da 1 nəfəri bələdiyyə sədridir. Pedaqoji sahədə 322 nəfər, mədəniyyət sahəsində 280 nəfər, səhiyyə sahəsində 157 nəfər qadın çalışır. Dövlət müstəqilliyinin bərpasından sonra 1 nəfər qadın “Əməkdar həkim”, 1 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 2 nəfər qadın “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Respublikanın ali təhsil müəssisələrinə qəbul olunan qızların sayı da ilbəil artır. 2012-ci ildə onların sayı 23 nəfər olmuşdur. Sevindirici haldır ki, onlardan 1 nəfəri – Vizəzəmin kənd tam orta məktəbinin məzunu Nərmin Əmirova ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Konfransda çıxış edən Səmayə Cəfərova, Gültəkin Şıxəliyeva, Dilarə Fətullayeva, Səbiyyə Zülfiyeva xalqımıza dahi şəxsiyyətlər bəxş etmiş Azərbaycan qadınının mənəvi saflığından, mərdliyindən, sədaqətindən söz açaraq qadınların rayonun ictimai-siyasi həyatında fəaliyyətindən bəhs etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundova bildirmişdir ki, 2013-cü il iyunun 14-də Azərbaycan qadınlarının IV qurultayının keçirilməsi planlaşdırılmışdır. Əvvəlki qurultaydan keçən 5 il ərzində Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir. Ölkədə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir.

Keçidlər