Cənab Prezidentin Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışı leriklilərin ürəyincədir
2011-ci ildən Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə digər beynəlxalq təşkilatların və 40-a yaxın ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən Zirvə görüşündə ölkə rəhbərinin COVID-19 pandemiyası ilə bağlı Bakı şəhəri ilə yanaşı, regionlarda görülən işlər və vaxtında görülmüş qabaqlayıcı tədbirlərin üzv dövlətlər tərəfindən təqdir edilməsi cənab Prezidentin xalqımızın firavan yaşaması ilə yanaşı, onun sağlamlığını da daim diqqətdə saxladığını bir daha sübut etdi. Daim bir-biri ilə əks qütbdə olan Avropa İttifaqının və Qoşulmama Hərəkatınının nümayəndələrinin Azərbaycanın sədrlik etdiyi Zirvə görüşündə bir araya gətirilməsi ölkəmizin nəzərəçarpan nailiyyətidir.
BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi dövlətimiz koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Koronavirusa qarşı mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Prezident Cənab İlham Əliyev tərəfindən xalqımızın təhlükəsizliyinin qorunması ilə bağlı vaxtında qəbul etdiyi qərarlar, xüsusilə Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu yaratması və öz bir illik əmək haqqını fonda ianə etməsi hamının ürəyincə oldu. Və hamı kimi rayonumuzun sakinləri, rayonda fəaliyyət göstərən təşkilatların kollektivləri də könüllü olaraq Fonda ianələr etdi. Cənab Prezidentin tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlərin rayonda yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır.
Eyni zamanda, pandemiyanın sosial-iqtisadi sferaya, əhalinin güzəranına göstərdiyi mənfi təsirin azaldılması, işləməyən əhaliyə dövlət büdcəsi hesabına iki ay ərzində maddi vəsaitin ödənilməsi, həmçinin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqi, onlara maddi dəstəyin göstərilməsi məqsədilə cənab Prezidentinin verdiyi qərarlar da koronavirusdan əziyyət çəkən ölkələr üçün bir nümunə, istinad mənbəyidir.