Lerikdə qayğıya ehtiyacı olan rayon sakinlərinə ərzaq bağlamaları verildi
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyə orqanları və rayonda yaradılmış könüllü qruplar aztəminatlı ailələrin, xüsusi ilə yaşı 65-dən çox olan tənha və ahıl insanların sosial-məişət problemlərini öyrənir və operativ qaydada həll olunmasına çalışırlar.
Eyni zamanda rayon ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri görülüb. Lerik şəhərində küçə və parklarda, çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.
Rayon ərazisində fəaliyyət göstərən “Relax” turizm-istirahət mərkəzində karantində alınmış vətəndaşlar daim rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Karantin müddətini başa vurmuş vətəndaşların öz evlərinə təhlükəsiz və rahat şəkildə çatdırılması məqsədi ilə onlar pulsuz nəqliyyatla təmin edilirlər.
Bu gün də rayon icra hakimiyyəti tərəfindən yüzə yaxın imkansız, tənha və ahıl insana ərzaq bağlamaları verilmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırmışlar. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.
Xüsusi karantin rejimi dövründə elan olunmuş qaydalara tam şəkildə riayət olunmasından ötrü rayon icra hakimiyyəti ilə yanaşı digər dövlət orqanları, imkanlı şəxslər və ərazilərdə fəaliyyət göstərən kənd icmaları da bu nəcib təşəbbüsə qoşularaq tənha və ahıl insanlara ərzaq bağlamaları təqdim edirlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.