Koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Dünyanın 200-dən çox ölkəsində yayılmağa başlayan koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən profilaktik rayonumuzda da geniş miqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu infeksiyanın ölkəmizdə yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən tədbirlər Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlarla tənzimlənir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə rayon ərazisində, o cümlədən Lerik şəhərində əhalinin sıx toplaşdığı yerlərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə rayon icra hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Fəaliyyət göstərən bütün ticarət obyektlərinin rəhbərləri ilə fərdi qaydada izahat işləri aparılır, karantinin tələblərinə sözsüz əməl edilməsi tələb edilir. Maskasız, əlcəksiz şəhərdə gəzən sakinlərə əlcək və maska paylanmışdır.
Yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması və rayondaxili hərəkətin məhdudlaşdırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılmış, qaydaları pozan sakinlərə xəbərdarlıq edilmiş, maskasız, əlcəksiz gəzən sakinlərə rayon icra hakimiyyəti tərəfindən əlcək və maska paylanmışdır.
02-03 aprel 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 28 nəfər rayon sakininə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilmiş, tibbi ləvazimatlar paylanılmışdır.
Gün ərzində Lerik şəhərində 4 inzibati idarə binasında, 3 çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Hacı Heydər, Elmar Qarayev, Həzi Aslanov küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir.