Lerik Rayon İcra Hakimiyyətində Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri Şuşuke Vatanabe ilə görüş olmuşdur.
Martın 4-də Lerik Rayon İcra Hakimiyyətində Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri cənab Şuşuke Vatanabe ilə görüş keçirilmişdir. Tədbirdə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində ümumi dəyəri 123 min 246 ABŞ dolları təşkil edən “Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin təmiri” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır.
Qrant müqaviləsinin imzalanma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunda görülmüş işlər, həyata keçirilən infrastruktur layihələr barədə yaponiyalı qonağa məlumat verərək bildirmişdir ki, hazırda rayonda “Modul” tipli elektrik stansiyası, 15 yeni məktəb binası inşa edilir, Lerik şəhərinə içməli su xətti çəkilir və kanalizasiya şəbəkəsi qurulur.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şuşuke Vatanabe çıxışında üçüncü dəfə Lerik rayonuna gəldiyini vurğulayaraq qeyd etmişdir ki, ötən il sentyabrın 15-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunun Şingədulan kəndində tibb məntəqəsinin açılış mərasimindən sonra Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev məni xəstəxananın uşaq xəstəlikləri şöbəsi ilə tanış etdi. Bu tanışlıqdan sonra həmin şöbənin əsaslı təmir edilməsi barədə razılığa gəldik.
Lerikin gözəl təbiətindən məmnun olduğunu bildirən səfir Şuşuke Vatanabe vaxtaşırı bu gözəl diyara səfər edəcəyini diqqətə çatdırmışdır.
Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev rayonda səhiyyənin inkişafına göstərilən dəstəyə görə səfirə minnətdarlığını bildirmişdir.
Layihə üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şuşuke Vatanabe və “Yeli idarəetməyə yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalamışlar.
Mərasimin sonunda yaponiyalı diplomata əl ilə toxunmuş Lerik xalçası, rayonun sosial-iqtisadi inkişafından bəhs edən “Lerik: tərəqqi və yüksəlişə doğru” və rayon yazarlarının bədii əsərlərindən ibarət “ Lerik ünvanlı duyğular” kitabı hədiyyə edilmişdir.
Şuşuke Vatanabe Lerik şəhərindəki üzünömürlülər muzeyi ilə tanış olmuş, səfirin xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.